
NATO-nun Rəqəmsal İnfrastruktur üzrə Təcrübə və Sınaq Tədbiri (Digital Backbone Experimentation – DiBaX 2026) 19-30 tarixlərində Latviyada keçirilib.
“Poliqon”un məlumatına görə, NATO-nun Müttəfiq Transformasiya Komandanlığının (ACT) rəhbərliyi ilə təşkil olunan tədbirə Latviyanın Müdafiə Nazirliyi və Milli Silahlı Qüvvələri dəstək verib, “LMT Defence” isə tədbirin texniki inteqratoru qismində çıxış edib.
Bu il rabitə texnologiyaları üzrə sınaqlar üç əsas istiqaməti əhatə edib: 5G şəbəkəsinin dilimlənməsi (network slicing) vasitəsilə sürətli yerləşdirmə, müxtəlif rabitə üsulları arasında avtomatik keçid imkanları ilə dayanıqlı rabitənin təmin edilməsi və 5G infrastrukturu vasitəsilə passiv obyektlərin aşkarlanması. Məqsəd NATO-nun əməliyyat imkanlarını gücləndirmək üçün müxtəlif texnologiyaların, şəbəkələrin və sistemlərin necə inteqrasiya oluna biləcəyini yoxlamaq olub.
Seçilmiş sınaq istiqamətləri NATO-nun və tərəfdaşlarının 5-ci maddənin tətbiqi həddinə çatmayan, lakin alyans üçün ciddi sınaq yaradan ssenarilərə hazırlığını təmin etmək məqsədi daşıyıb. Bu cür “boz zona” insidentlərinə Baltik dənizində PUA-ların hava məkanına müdaxiləsi və sualtı kabellərlə bağlı insidentlər daxildir.
DiBaX 2026-nın rəhbəri vəzifəsini icra edən Lukas Mueller bildirib ki, NATO-nun DiBaX təşəbbüsü alyansın bütün ərazisində startaplardan tutmuş iri müəssisələrədək müxtəlif innovativ həllərdən istifadə edir və bu müxtəliflik əsasında dayanıqlılığı artırır: “Biz bu günün problemlərini həll etməyə və sabahın çağırışlarına hazırlaşmağa hazırıq”.
Gələcəyin problemlərinə hazırlıq
DiBaX 2026 üç əsas sınaq istiqamətinə diqqət yetirib.
Birinci istiqamət NATO qüvvələrinin tam infrastruktur qurulmazdan əvvəl, əməliyyatların ilk günündən etibarən təhlükəsiz komanda-idarəetmə və məlumat xidmətlərinə çıxış əldə etməsi imkanlarını əhatə edib. Sınaq zamanı qəbul edən ölkənin mobil rabitə infrastrukturu üzərində özəl 5G şəbəkə diliminin yaradılması və NATO qüvvələrinə sürətli, təhlükəsiz rabitə xidmətlərinin göstərilməsi imkanları araşdırılıb.
İkinci istiqamət rabitənin dayanıqlılığına həsr olunub. Bu çərçivədə radioelektron maneələrin mövcud olduğu şəraitdə alternativ rabitə kanalları və ehtiyat keçid imkanları sınaqdan keçirilib. Buraya müxtəlif tezliklər arasında radio rabitəsinin avtomatik keçidi, 5G Direct-to-Device texnologiyası da daxil olmaqla peyk rabitəsi və troposfer səpilməsi (troposcatter) əsasında rabitə kanalları daxil olub.
Üçüncü istiqamət məlumatların toplanması və təhlili, o cümlədən 5G infrastrukturu vasitəsilə passiv obyekt aşkarlanması imkanlarına yönəlib. Xüsusilə baza stansiyalarının sıx yerləşdiyi şəhər mühitində 5G şəbəkəsinin əhatə dairəsində hərəkət edən obyektlərin aşkarlanması vasitəsi kimi istifadəsi araşdırılıb.
Latviyanın müdafiə naziri Raivis Melnis, DiBaX təliminin əhəmiyyəti barədə danışıb: “DiBaX təcrübəsinin beşinci il ardıcıl Latviyada keçirilməsi müxtəlif şəraitlərdə ən son müdafiə texnologiyalarının sınaqdan keçirilməsi və təkmilləşdirilməsi üçün mühit təmin etmək qabiliyyətimizi nümayiş etdirir. Bu təcrübə bizə innovativ rəqəmsal həlləri real əməliyyat şəraitinə yaxın mühitdə sınaqdan keçirməklə yanaşı, NATO müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə və texnoloji qarşılıqlı uzlaşmanı təşviq etməyə imkan verir”.
DiBaX 2026-nın əsas hədəflərindən biri sırf innovasiyadan praktiki tətbiq mərhələsinə keçid olub. Texnologiyaların sadəcə nümayiş etdirilməsi əvəzinə, onların ikili təyinatlı tətbiqlər də daxil olmaqla, hərbi və mülki strukturlara necə inteqrasiya edilə biləcəyi araşdırılıb.
DiBaX 2026-da Latviya, Litva, Almaniya, ABŞ, Kanada, Finlandiya və digər ölkələr iştirak edib. NATO-nun Şimali Atlantika üzrə Müdafiə İnnovasiyaları Sürətləndiricisi (DIANA), NATO Rabitə və İnformasiya Agentliyi (NCIA), NATO Rabitə və İnformasiya Sistemləri Qrupu (NCISG), eləcə də NATO Komandanlıq Strukturunun (NCS) digər qurumları da tədbirə cəlb olunub.
Tədbirdə “Ascent Lumina”, BPNE, “Dronetag”, “Ericsson”, “FireSwarm Solutions”, “FortAegis”, “Inovec”, “Kelluu”, “Kinnami”, NATO-nun Kooperativ Kiber Müdafiə üzrə Mükəmməllik Mərkəzi (CCDCOE), “Nokia”, PLATH, “Spectra Group”, “Tactiql”, TEKEVER, “Thales” və digər şirkətlər də daxil olmaqla, 60-dan çox texnologiya tərəfdaşı iştirak edib. LMT tədbirin texniki inteqratoru kimi fəaliyyət göstərib.
LMT şirkətinin vitse-prezidenti və İdarə Heyətinin üzvü İnqmars Pukis bildirib ki, rabitə müasir müdafiənin görünməz döyüş meydanına çevrilib: “Məlumat axınını qorumaq qabiliyyəti qüvvələrin baş verənləri nə qədər tez anlamasını və buna uyğun hərəkət etməsini müəyyən edə bilər. DiBaX yalnız ayrı-ayrı texnologiyaların sınaqdan keçirilməsi ilə bağlı deyil. Əsas məqsəd çətin və təhlükəli şəraitdə onları birləşdirən rəqəmsal infrastrukturun dayanıqlılığını təmin etməkdir. DiBaX 2026-nın texnoloji inteqratoru olaraq LMT-nin rolu müxtəlif texnologiyaların hətta rabitənin pozulduğu şəraitdə belə bir-biri ilə əlaqə qurmasını təmin etməkdir”.
DiBaX çərçivəsində daha iki sınaq istiqaməti
DiBaX-ın rəqəmsal infrastruktur üzrə sınaqları ilə yanaşı, NATO-nun daha iki eksperimental təşəbbüsü – Çoxqatlı PUA-lara Qarşı Mübarizə Təşəbbüsü (Layered Counter-UAS Initiative – LCI-X) və Yeni Nəsil Hədəfləmə (Next Generation Targeting – NGT) həyata keçirilib.
NATO ACT-nin “Beacon” layihələrindən biri olan LCI-X PUA-lara qarşı mübarizə imkanlarına həsr olunub. Təşəbbüs çərçivəsində müxtəlif sensorların və təsir vasitələrinin mövcud pilotsuz uçuş aparatı təhdidlərinə qarşı çoxqatlı müdafiə sistemi kimi birgə fəaliyyət göstərməsi imkanları araşdırılıb.
NGT isə məlumatın əldə edilməsindən qərarın qəbuluna qədər olan prosesin sürətləndirilməsinə yönəlib. Bu çərçivədə süni intellektə əsaslanan qərar dəstəyi və məlumatların birləşdirilməsi imkanları araşdırılıb. Məqsəd düzgün qərarların mümkün qədər tez qəbul edilməsi üçün məlumatların əvvəlcədən hazırlanmasını təmin etmək olub.
DiBaX-2026 oktyabrın sonlarında yekunlaşıb. Oktyabrın 27-28-də müşahidəçilər üçün ilkin iştirak imkanları yaradılıb, oktyabrın 29-30-da isə NATO FUSE tədbiri keçirilib. NATO FUSE-un ilk günü plenar iclaslara, panel müzakirələrinə və sənaye nümayəndələri ilə görüşlərə həsr olunub. Oktyabrın 30-da isə canlı sahə sınaqları və açıq havada nümayişlər keçirilib.
DiBaX-2026 çərçivəsində Latviyada NATO və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri də iştirak ediblər. Oktyabrın 30-da NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) general Aleksus Q. Qrinkeviç Latviyaya səfər edərək ölkə prezidenti Edqars Rinkevics ilə görüşüb.
Avropa Komissiyasının üzvü Valdis Dombrovskis də NATO FUSE tədbirində iştirak edib. O, 2027-ci ildə iki pilot Avropa PUA Texnologiyaları Mərkəzinin yaradılacağını açıqlayıb. Mərkəzlərdən biri Latviyada, digəri isə Niderlandda fəaliyyət göstərəcək. Bu mərkəzlər NATO ilə sıx əməkdaşlıq çərçivəsində PUA və onlara qarşı mübarizə texnologiyalarının hazırlanmasını, sınaqdan keçirilməsini və tətbiqini sürətləndirməyə xidmət edəcək.









