Nazir: Hərbi sənaye sahəsində böyük işlər görülür

Nazir: Hərbi sənaye sahəsində böyük işlər görülür

Bizim hərbi əməkdaşlığımızda, ilk növbədə, qardaş Türkiyənin adını çəkirik. Şuşa Bəyannaməsinə əsasən biz müttəfiqik və iki ordunun inteqrasiyası yüksək səviyyədədir, təkcə təhsildə, təlimdə deyil, bütün sahələrdə. Hətta idarəetmə məntəqələrimiz də bir-biri ilə bağlıdır. Biz birgə fəaliyyət göstəririk.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsi zamanı deyib.

Azərbaycanın müdafiə naziri təhsil, təlim, təcrübə mübadiləsi və kadrların hazırlanması ilə yanaşı, hərbi sənaye sahəsində də böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Bu yaxınlarda cənab Prezidentin qəbul etdiyi qərara əsasən, ən müasir silah və texnikanın, yaxud onların bir hissəsinin Azərbaycanda da istehsalı təşkil olunacaq. Xüsusi qeyd etmək istəyirəm, sevindirici haldır ki, qardaş Türkiyənin hərbi sənayesi çox sürətlə inkişaf edir. Söhbət təkcə “Bayraktar”dan, “Akıncı”lardan getmir, digər məsələlərdə də. Deyim ki, Türkiyənin hərbi sənayesi xüsusilə son illər çox inkişaf edib. Təbii ki, Azərbaycan da bundan bəhrələnir. Bu istiqamətdə işlər sürətlə həyata keçirilir”.

Dünyada vəziyyətin gündən-günə gərginləşdiyini vurğulayan general-polkovnik Z.Həsənov bildirib ki, müharibələr genişlənir, müharibəyə cəlb olunan dövlətlərin sayı artır və hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.

“Biz görürük ki, möhtərəm cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyini yaradanda çox böyük uzaqgörənliyi indi təsdiqini tapır. İndi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Təəssüflər olsun ki, bütün dünya silahlanır. Əgər biz indiki vəziyyətlə beş il bundan qabağı müqayisə etsək, tam fərqli vəziyyət görərik. Ona görə artıq biz bu ərəfəyə hazırlıqlı gəlmişik. Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək. Bizim məqsədimiz ondan ibarətdir ki, bunu daha da yüksək səviyyəyə qaldıraq. Burada söhbət atıcı silahlardan gedir. İndi də biz qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək. Mən sizi əmin edim ki, cənab Prezidentin hər bir sözünün arxasında iş durur və bu istiqamətdə də böyük işlər gedir. Azərbaycan qarşısında elə məsələlər qoyulub ki, sevindirici haldır, inşallah, biz ona da nail olacağıq, özümüzü ən müasir silah, texnika və sursatla təmin edəcəyik. Qardaş Türkiyənin imkanlarından istifadə edəcəyik və birgə istehsal həyata keçirəcəyik”, – deyə Azərbaycanın müdafiə naziri qeyd edib.

CATEGORIES