Özgür Gülərüz: STM 20-dən çox ölkə ilə “Kargu” PUA-nın tədarükünə dair danışıqlar aparır

Özgür Gülərüz: STM 20-dən çox ölkə ilə “Kargu” PUA-nın tədarükünə dair danışıqlar aparır

STM şirkəti 20-dən çox ölkə ilə “Kargu” kamikadze pilotsuz uçuş aparatının (PUA) tədarük edilməsinə dair danışıqlar aparır.

Bunu STM-in baş direktoru Özgür Gülərüz “Poliqon” jurnalına müsahibəsində deyib.

Ö.Gülərüz “TEKNOFEST-Azərbaycan” festivalında nümayiş etdirdikləri “Kargu” kamikadze PUA-ların 2018-ci ildən etibarən effektiv istifadə edildiyini qeyd edib.

STM-in baş direktoru “Kargu” ilə bağlı Asiya və Cənubi Amerikada ixracat uğuru əldə etdiklərini dilə gətirib. O, hazırda “Kargu”nun müxtəlif variantlarının üzərində işlədiklərini bildirib: “STM tərəfindən hazırlanmış RF axtarıcı başlığını “Kargu”ya inteqrasiya etdik. “Kargu”nun zirehdəlici sursatları üzərində işləyirik, qısa zamanda tamamlayıb sınaqlarına başlayacağıq”.

Ö.Gülərüz STM tərəfindən hazırlanan “Boyqa” PUA-nın sınaqlarının uğurla həyata keçirildiyini deyib.

Şirkət direktoru bildirib ki, STM-nin digər bir sabit qanadlı PUA-sı “Alpagu”nun sınaqları tamamlanıb. Onun sözlərinə görə, “Alpagu” PUA yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək.

Qeyd edək ki, STM-in baş direktoru Özgür Gülərüz ilə müsahibənin tam mətni POLİQON jurnalının yeni sayında dərc olunacaq.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS