Pentaqon döyüş sursatı ehtiyatlarını doldurmaq üçün Konqresdən 170 milyard dollar istəyəcək

Pentaqon döyüş sursatı ehtiyatlarını doldurmaq üçün Konqresdən 170 milyard dollar istəyəcək

Pentaqon ABŞ Konqresindən Ukraynaya göndərilən döyüş sursatının yerinin doldurulması (170 milyard dollar) və Çinlə münaqişə vəziyyətinə hazırlaşmaq üçün ümumilikdə 300 milyard ABŞ dolları istəmək niyyətindədir.

“Poliqon” “Bloomberg” informasiya agentliyinə istinadən xəbər verir ki, Çinlə hərbi qarşıdurmaya hazırlaşmaq üçün ABŞ Ordusunun xüsusən uzaqmənzilli raketlərə ehtiyacı var.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyinin tələbi, digər şeylərlə yanaşı, Ukraynaya tədarük ilə bağlı döyüş sursatlarının döyüş dəstləri arsenallarının tükəndiyini təsdiqləyir.

Agentliyin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün 76,8 milyard ABŞ dolları nəzərdə tutulub. Bunun 32,8 milyard ABŞ dolları yeni hərbi gəmilərin inşasına yönəldiləcək.

Təsdiq olunarsa, ABŞ Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələri bu tranşdan 61 milyard ABŞ dolları alacaq. Quru Qoşunları və ya ABŞ Ordusu isə 24,4 milyard ABŞ dolları alacaq.

Pentaqonun hesablamalarına görə, “Northrop Grumman” korporasiyasının yeni LGM-35 “Sentinel” qitələrarası ballistik raketinin (Intercontinental Ballistic Missile – ICBM) tədqiqi və inkişafı 3,7 milyard ABŞ dollarına başa gələcək. Bu qitələrarası ballistik raket ehtimal ki, 2029-cu ildə “Minuteman III” raketlərini əvəz edəcək.

ABŞ HHQ üçün “Uzun Mənzilli Zərbə Bombardmançısı” (“Long Range Strike Bomber”- LRSB) proqramının tərkib hissəsi kimi perspektivli yeni nəsil Northrop Grumman B-21 “Raider” strateji bombardmançı təyyarəsinin inkişafı üçün “Northrop Grumman” korporasiyasına 3 milyard ABŞ dolları ayırır.

Pentaqon Lockheed/Boeing F-22 “Raptor” qırıcılarını yeni “Penetran Counter-Air (PCA)/F-X” döyüş təyyarələri ilə əvəz etməyi nəzərdə tutan “Növbəti nəsil hava üstünlüyü” (“Next-Generation Air Dominance” – NGAD) proqramını davam etdirmək üçün 2,3 milyard ABŞ dolları xərcləməyi planlaşdırır.

“Bloomberg” agentliyinin bildirdiyinə görə, ABŞ Müdafiə Nazirliyi əlavə maliyyə vəsaiti tələbini martın 13-də Konqresə göndərəcək. Bu halda tələbin ümumi məbləği 300 milyard ABŞ dollarından çox olacaq. Qalan vəsaitlə Pentaqon 541 dəst FGM-148 “Javelin” tank əleyhinə idarə olunan raket kompleksi, 28 dəst M142 HIMARS yaylım atəşli reaktiv sistem və onlar üçün 5016 ədəd reaktiv mərmi, qırıcılar üçün 831 ədəd “hava-hava” sinif raket, HDQ üçün 91 ədəd uzaqmənzilli gəmi əleyhinə raket, həmçinin pilotsuz uçuş aparatlarını və digər alçaqdan uçan hava hədəflərini məhv etmək üçün ABŞ-ın FIM-92 “Stinger” daşınan zenit-raket kompleksinin yeni versiyası alınacaq.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ Konqresinin təsdiq etdiyi 2023-cü maliyyə ili üçün ABŞ-ın ümumi müdafiə büdcəsi rekord həddə çataraq 858 milyard ABŞ dolları təşkil edib. Bura daxildir:

  • 317,3 milyard ABŞ dolları – istismar və texniki xidmət (dövriyyə vəsaitləri daxil olmaqla) üçün;
  • 174,5 milyard ABŞ dolları – hərbi qulluqçuların saxlanması üçün;
  • 161,3 milyard ABŞ dolları – hərbi satınalmalar üçün;
  • 138,6 milyard ABŞ dolları – tədqiqat və inkişaf;
  • 30,5 milyard ABŞ dolları – nüvə enerjisi sahəsində fəaliyyət üçün;
  • 16,5 milyard ABŞ dolları – hərbi tikinti və ailə mənzilləri üçün.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES