Polkovnik Zəfər Əliyev: İşğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər

Polkovnik Zəfər Əliyev: İşğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçularımız qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər

44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq və quruculuq işləri həyata keçirilir, düşmən tərəfindən dağıdılmış, xarabalığa çevrilmiş şəhər, qəsəbə, kəndlərimiz bərpa olunur. Bu ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən dinc həyatın bərqərar olmasını, vətəndaşlarımızın məskunlaşmasını təsəvvür etmək mümkün deyil.

Bunu POLİQON jurnalına müsahibəsində Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev söyləyib

“Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti polis əməkdaşları ilə birgə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı, Tərtər rayonlarının, eləcə də Şuşa şəhərinin ərazilərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat, digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiqi üzrə xidməti tapşırıqları yerinə yetirir. Gündəlik olaraq qeyd olunan istiqamətlərdə stasionar postlar və piyada marşrutlarda hərbi qulluqçularımız polislə birgə komendant xidməti aparırlar. Fəxrlə bildirmək istəyirəm ki, Daxili Qoşunların hərbi qulluqçularına qədim mədəniyyət ocağımız, Qarabağın tacı adlandırılan, mühüm hərbi-coğrafi mövqedə yerləşən Şuşa şəhərinin müdafiəsində dayanmaq da həvalə olunub.

Mühüm əhəmiyyətli dövlət tədbirlərinin keçirilməsi ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdən keçən avtomobil magistral yollarının, körpü və keçidlərin müayinəsi əməliyyatlarına, həmçinin döyüş əməliyyatları zamanı ətrafa yayılmış sursat və mərmi qalıqlarının toplanılması, eynilə yeni tikilən obyektlərin və təməlqoyma yerlərinin müayinəsinin aparılmasını təmin edərək istehkamçı bölmələrin hərbi qulluqçuları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Şəxsi heyətin işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti çoxşaxəli olmaqla, hərbi qulluqçulardan yüksək peşəkarlıq, ayıq-sayıqlıq, qətiyyət və əzmkarlıq tələb edir. Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirir, göstərilən etimadı ləyaqətlə doğruldurlar”, – deyə polkovnik Zəfər Əliyev vurğulayıb.

CATEGORIES
TAGS