Polşa HDQ gəmilərini milli istehsal olan dəniz topları ilə silahlandırmağa başlayıb

Polşa HDQ gəmilərini milli istehsal olan dəniz topları ilə silahlandırmağa başlayıb

Polşa Hərbi Dəniz Qüvvələri (HDQ) gəmilərini milli istehsal olan dəniz topları ilə silahlanması prosesinə başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Silahlanma Agentliyinin sözçüsü Kşiştof Platek özünün “Twitter” hesabında paylaşım edib.

Onun sözlərinə görə, 2022-ci il noyabrın 12-də “Mewa” minaaxtaran gəmisində “OSU-35K” dəniz silah sistemi quraşdırılıb.

Quraşdırma Qdinya limanındakı “PGZ Stocznia Wojenna” gəmiqayırma zavodunda həyata keçirilib. Hələlik bu, sınaq quraşdırılmasıdır və sistemin son yerləşdirilməsi 2023-cü ilin əvvəlində baş tutacaq.

Eyni zamanda, K.Platek “OSU-35K” silah sisteminin Polşa HDQ-nin başqa bir minaaxtaran gəmisi olan “Albatros”da yerləşdirildiyinin də anonsunu verib.

“OSU-35K” silah sistemi, “PIT-RADWAR”, “Zakłady Mechaniczne Tarnów SA”, Hərbi Texniki Universitet və Hərbi Dəniz Akademiyasının daxil olduğu Polşa konsorsiumu tərəfindən yaradılmış dəniz silah kompleksidir.

“OSU-35K” silah sisteminin tərkibinə 35 mm-lik “AM-35” avtomatik topu, inteqrasiya olunmuş “ZGS-35” müşahidə və izləmə başlığı, atəşi idarəetmə sistemi bloku və ehtiyat atəşi idarəetmə postu daxildir. Modulun döyüş sursatsız kütləsi 3,5 tondur.

“ZGS-35” müşahidə və izləmə başlığı termal kamera, gündüz kamerası, 30 km-ə qədər diapazonlu lazer məsafəölçən, video izləyici və “IKZ-50P” tanıma sistemindən ibarətdir.

Sistemin özəyi, təxminən 5 km məsafəyə dəqiqədə 550 mərmi atəş sürətində atış apara bilən 35 mm-lik AM-35 avtomatik gəmi topudur. Bu top təkcə klassik mərmilərlə deyil, həm də proqramlaşdırıla bilən döyüş sursatı ilə atış üçün uyğunlaşdırılıb.

Qeyd etmək lazımdır ki, “OSU-35K” silah sistemi “Kormoran II” tipli minaaxtaran gəmilər üçün Polşa HDQ-nin dəstəyi ilə hazırlanıb. Silah sistemi həmçinin “Miecznik” sinifli freqatların silahlanmasının bir hissəsi olmaq iqtidarındadır.

Bundan başqa, “OSU-35K” gəmi silah sistemi yerüstü özüyeriyən hava hücumundan müdafiə sistemi üçün əsas ola bilər. “OSU-35K” sisteminin funksiyalarının, ölçülərinin və çəkisinin optimallığı onu çox qısa mənzilli yerüstü özüyeriyən zenit sistemi (VSHORAD) üçün baza kimi istifadə etməyə imkan verir. Stabilləşdirilmiş qüllənin və atəşi idarəetmə sisteminin olması dayanan və ya hərəkət edən platformadan atəş açmaq imkanı verir.

12 8

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES