Polşa HHQ-nin ilk FA-50 təyyarəsi istehsal xəttindən çıxıb

Polşa HHQ-nin ilk FA-50 təyyarəsi istehsal xəttindən çıxıb

Polşa Hərbi Hava Qüvvələrinin (HHQ) ilk FA-50 yüngül təlim/döyüş təyyarəsi istehsal xəttindən çıxıb.

Bu barədə “Poliqon” Polşa Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, bu münasibətlə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak istehsalçı Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkətində keçirilən mərasimdə iştirak edib.

Mərasimdə çıxış edən M.Blaşçak, KAI və “Polish Armaments Group” şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində Polşada xidmət mərkəzinin tikintisi ilə bağlı danışıqlar prosesinin davam etdiyini diqqətə çatdırıb.

“Bunun sayəsində biz öz təlim bazamızda pilotlar yetişdirə və Polşada FA-50-yə xidmət göstərə biləcəyik. FA-50-nin alınması daha böyük layihənin bir hissəsidir. Cənubi Koreya ilə əməkdaşlıq Polşanın təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir”, – deyə Polşanın milli müdafiə naziri qeyd edib.

Xatırladaq ki, Polşanın Milli Müdafiə Nazirliyi və KAI arasında 48 ədəd FA-50 təyyarəsinin satın alınmasını nəzərdə tutan müqavilələr ötən ilin sentyabr ayında imzalanıb.

Poliqon.az

CATEGORIES
TAGS