Polşa Ruandaya “Grot A3” avtomatları ixrac edib
Ruanda xüsusi təyinatlıları Polşa istehsalı “Grot” avtomatlarını silahlanmaya qəbul ediblər.
“Poliqon” xəbər verir ki, bu barədə “RDF Gallery” adlı “X” istifadəçisi paylaşım edib.
Xarakterik patron maqazininin sübut etdiyi kimi 7.62×39 mm çaplı avtomat 40 mm-lik lüləaltı qumbaraatanla dəstləşdirilib.
Xarici KİV-lərin məlumatlarına görə, 2022-ci il mayın 19-da Polşanın “Polska Grupa Zbrojeniowa” (PGZ) şirkəti MSBS Grot avtomatının Şərqi Afrika ölkələrindən birinə satışı üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri barədə məlumat kommersiya sirri olduğu üçün açıqlanmayıb.
Bununla belə, məlumdur ki, müqaviləyə “Łucznik” şirkəti tərəfindən istehsal olunan lüləaltı qumbaraatanlarla 7,62 mm-lik avtomatları, həmçinin PCO optik nişangahları daxildir.
Lülləaltı tək atımlı qumbaraatan başlanğıc sürəti aşağı olan 40×46 mm çaplı atəş yığımları üçün nəzərdə tutulub.
Keçən ay atıcı silah istehsalçısı “Łucznik” Ukraynadakı istismar və müharibə təcrübəsi əsasında bir sıra dəyişikliklər almış Grot A3 avtomatının yeni versiyasını təqdim edib.
Təqdimat ilk növbədə əsas versiya olan MSBS-5.56 Grot avtomatının yenilənmiş versiyası üçün idi, və artıq digər variasiyalarda 7.62×39 mm çaplı ola bilər. Ruanda özünün xüsusi təyinatlıları üçün məhz bu versiyada avtomat sifariş edib.
Lakin bu avtomatın ilk yeniləməsi deyil və elə ilk A0, A1 və A2 versiyalarının Polşa ordusunda istismar zamanı müxtəlif problemlər aşkarlanıb. Grot C16 FB-M1 adlandırılan əvvəlki yeniləmədə avtomatlar Ukrayna hərbi qulluqçuları, xüsusən də xüsusi təyinatlılar tərəfindən qəbul edilmiç və Grot A3 versiyası üçün yeniləmələr onların rəylərinə əsaslanmışdır. Avtomatın A0, A1 və A2 versiyalarında korroziya, materialların keyfiyyətinin və onların emalının aşağı olması, materialların zərbə yüklərinə tab gətirməməsi, tozlandıqda işləyə bilməməsi kimi problemlər mövcud idi. Həmçinin uzun qatarlarla atəş açarkən lülənin həddindən artıq qızması və furnituranın qırılması baş verirdi.
Qeyd edək ki, MSBS Grot avtomatı (NATO standartı ilə hücum tüfəngi) 2007-ci ildən Polşa Silahlı Qüvvələrinin maraqları üçün Hərbi Texniki Akademiya (Wojskowa Akademia Techniczna) və Fabryka Broni “Lucznik” – Radom silah zavodu tərəfindən hazırlanmışdır. Layihələndirmə (inkişaf) dövründə MSBS Radon, sonradan isə MSBS Grot adlandırılmışdır.
MSBS “Modulowy Systema Broni Strzeleckiej” – modul atıcı silah sistemi deməkdir. Əvvəlcə bu inkişaf ənənəvi konfiqurasiyanın polimer yatağında və ya bullpup konfiqurasiyasının yatağında quraşdırıla bilən bütün variantlar üçün ümumi avtomatikaya malik lülə qutusuna əsaslanan modul atıcı kompleks idi.
Əvvəlcə MSBS sisteminə iki əsas variant daxil idi – xüsusi təyinatlılar üçün bullpup konfiqurasiyalı avtomat (MSBS-5.56B Radon-B) və digər qoşun növləri üçün ənənəvi konfiqurasiyalı avtomat (MSBS-5.56K Radon-K). Lakin, sonradan Polşa hərbçiləri “bullpup” variantından imtina etdilər və hazırda MSBS Grot avtomatı, həmçinin onun mülki özüdoldurulan versiyası lülə uzunluğu ilə fərqlənən bir neçə versiyada yalnız “klassik” tərtibatda istehsal olunur. Sonradan silahın A1 və A2 kimi təkmilləşdirilmələri həyata keçirilib. Bu təkmilləşmələrdən növbətiləri Grot A3 versiyasında öz əksini tapıb.
Yuxarıda qeyd edildiyi kimi, Polşanın “Łucznik” şirkəti Polşa ordusunda və Ukraynada əvvəlki modellərdən istifadə təcrübəsi əsasında bir sıra təkmilləşdirmələr almış yenilənmiş MSBS-5.56 Grot avtomatını “GROTowisko” konfransı zamanı təqdim edib. Həmin vaxt yeni avtomat hələ istifadəyə verilməmişdir, buna görə də daha çox şirkətin mütəxəssislərinin həm görünüşünə, həm də quruluşunun daxili komponentlərinə təsir edən gələcək inkişafı ilə bağlı fikirlərini əks etdirirdi.
Yeni avtomat A2 versiyasından 300 qram yüngüldür və hazırda 406 mm-lik uzunluğa sahib lülə ilə 3,4 kiloqram ağırlığındadır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, təqdim olunan fiziki nümunə Polşa ordusuna daha praktik bir alternativ kimi təklif olunan daha qısa lülə uzunluğu 368 mm idi.
Atış kompleksinin görünüşünə və erqonomikliyinə gəldikdə, AR-platformalarında istifadə olunanlara bənzər yeni teleskopik qundağın görünüşü dərhal diqqəti cəlb edir. O, uzatma diapazonunu 30-50 mm artırmağa imkan verir və yan tərəfə qatlanır.
Başqa bir nəzərə çarpan dəyişiklik, silah operatorunun tutmasını asanlaşdıran nazik profilli yeni lülə yatağıdır. Yaradıcıların fikrincə, yeni lülə yatağında lülə qutusu ilə əlaqənin sərtliyi artırılıb ki, bu da köhnə boşluqlar (lüft) problemini həll etməlidir. Sonuncu, bu konstruksiyada quraşdırılmış nişangahlardan düzgün istifadə etməyə imkan vermirdi.
Həmçinin hərbçilərin tələbi ilə yeni avtomat indi çıxarıla bilən lüləağzı alovboğucu (1/2-28 UNEF) ilə təchiz olunub ki, hansı ki, əvvəlki versiyalarda bərkidilmiş idi və səsboğucular kimi digər modulların quraşdırılmasına imkan vermirdi. Həmçinin, daha qısa lülə sayəsində tüfəngdə artıq süngü-bıçaq dayaqları yoxdur.
“Grot A3” bilavasitə atıcı kompleksinin quruluşunda əhəmiyyətli dəyişikliklər alıb. Xüsusilə, konstruktorlar qaz porşenini və avtomatın işini asanlaşdıran yaylar və istiqamətləndiricilər sistemini yenidən işləyib hazırlayıblar. Avtomatın A3 versiyasında da yenilənmiş çaxmaq çərçivəsi var. Yeni konstruksiyada o, bir qədər yuxarı qaldırılıb, istiqamətləndiricini forması dəyişdirilib. Bu, daxilə kir daxil olduqda baş verə biləcək tıxanma riskini azaltmağa imkan verib. Yaradıcılar barıt qazlarının çıxarılması sisteminin üzərində də işləyiblər. Onlar atıcının əlinə isti qazların çıxdığı qazötürmə dəliklərini yığışdırıblar.
Rəzəsi olan qaz tənzimləyicisi də dəyişdirilib ki, bu da detalın təsadüfi itirilməsini qeyri-mümkün edir. Yeni qovşaq həmçinin sistemi səsboğucu ilə işləmək üçün düzgün şəkildə tənzimləməyə imkan verən əlavə rejim alıb.
Əhəd Vahidoğlu