
Çexiya mərkəzli “Czechoslovak Group”un (CSG) tərkibinə daxil olan “CSG Polska” və Polşanın WSK PZL-KALISZ şirkətləri arasında ağır yük müaşınları üçün mühərriklərin və digər komponentlərin istehsalına dair niyyət məktubu imzalanıb.
“Poliqon” xəbər verir ki, tərəflər arasında imzalanan sənəd sənaye və texnoloji əməkdaşlıq üçün çərçivə yaradaraq Polşa sənayesinə müasir mühərriklər, güc ötürmə sistemləri və digər komponentlər sahəsində yeni texnologiyalar qazandırmağı nəzərdə tutur.
İstehsal olunacaq komponentlər hərbi texnika, xüsusi platformalar və ağır yolsuzluq yük maşınlarında istifadə ediləcək.
CSG şirkəti həmçinin Polşada komponentlərin və tam sistemlərin istehsalı, inteqrasiyası, servisi və modernləşdirilməsi üzrə yeni imkanların yaradılmasını dəstəkləməyə hazır olduğunu açıqlayıb.
WSK PZL-KALISZ üçün bu əməkdaşlıq müdafiə sənayesində istifadə olunan müasir texnologiyalar üzrə istehsal, təmir və servis imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Planlaşdırılan əməkdaşlığın yalnız istehsal və servisi deyil, həm də birgə tədqiqat və inkişaf fəaliyyətlərini əhatə edəcəyi gözlənilir.
Tərəflər gələcəkdə əməkdaşlığın nəticələrinin ixrac bazarlarına, xüsusilə NATO və Avropa İttifaqına üzv dövlətlərin Silahlı Qüvvələrinə yönəldilə biləcəyini də bəyan ediblər.




