Prezident cəbhədəki mövcud vəziyyətilə şəxsən tanış olub
Ali Baş Komandan səngərdəAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində qoşunların təmas xəttindəki hərbi hissədə olub. ADN-in məlumatına görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə ətraflı məlumat verib. Daha sonra prezident xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif edib.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çay süfrəsi arxasında hərbçilərlə görüşüb.
Hərbçilərlə görüşündə prezident bildirib ki, bu gün Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Keçən il, ondan əvvəlki illərdə silahlar, texnikalar alınıb. Bu gün döyüş potensialına görə Azərbaycan Ordusu bölgənin ən qüdrətli ordusudur. Dövlət başçısı hərbçilərin maddi təminatının da yaxşılaşdığını vurğulayıb. Orduda xidmət edən zabitlərin həm maaşlarının artacağını, həm də 20 il ərzində qüsursuz xidmət göstərmiş zabit və gizirlərin dövlət tərəfindən mənzillərlə təmin ediləcəyini bildirib: «Bu gün ordumuz, bir daha demək istəyirəm ki, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də maddi-texniki təchizat baxımından bölgənin ən qüdrətli ordusudur. Biz yenə də ordumuzu gücləndiririk. Bu il hərbi məsələlərin həlli üçün böyük vəsait nəzərdə tutulur. Texnikalar, silahlar, döyüş təyyarələri, helikopterlər, müasir cihazlar alınır. Biz texnoloji inkişafa üstünlük veririk. Müasir dövrdə döyüş meydanında nəticəni həm rəşadət, Vətənə bağlılıq, sədaqət, həm də texnologiyalar müəyyən edir. Yeni texnologiyalar müasir dövrdə döyüş meydanında həlledici rol oynayır. Biz müasir texnologiyaları tətbiq edirik. Bu gün burada da mənə göstərildi. Biz düşmənin mövqelərini çox yaxşı görürük, onların hərəkətlərini də görürük. Bunu onlar da bilirlər. Biz çalışırıq ki, ərazi bütövlüyümüzü qan tökülmədən bərpa edək. Bu məqsədlə danışıqlar aparılır. Hələ ki, bu danışıqların heç bir nəticəsi olmayıb. Ancaq bununla bərabər, ərazi bütövlüyümüzü istənilən yolla, o cümlədən hərbi yolla həll etmək bizim suveren hüququmuzdur. Bu hüququ bizə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi verir. Hər bir dövlət özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə edə bilər və etməlidir. Ona görə biz hərbi gücümüzün artırılmasına əlavə vəsait ayıracağıq. Hərbi potensialın gücləndirilməsi üçün əlavə tədbirlər görəcəyik. Əlbəttə ki, görülən bütün bu tədbirlərlə yanaşı, döyüş hazırlığı, ruh yüksəkliyi döyüş meydanında öz sözünü deməlidir və deyəcəkdir».
Ali Baş Komandan Silahlı Qüvvələr quruculuğu sahəsində həyata keçirilən işlərdən bəhs edərək deyib ki, hazırda yeni hərbi şəhərciklər tikilir və bərpa edilir. Bununla bağlı xüsusi proqram qəbul edilib. Prezident qeyd edib ki, hazırda Hərbi Dəniz Qüvvələri üçün də Xəzər hövzəsində böyük hərbi baza tikilir: «Eyni zamanda, bütün hərbi hissələrdə, bütün bölgələrdə yeni, müasir şəhərciklər, bazalar tikilməlidir, əsgərlərin, zabitlərin şəraiti yaxşı olmalıdır. Burada, dağlıq ərazilərdə xidmət aparmaq üçün, əlbəttə ki, çətinliklər vardır. O tərəf düşməndir – bir kilometr o tərəfə düşməndir. Siz onları görürsünüz, onlar da sizi görür. Amma bizi düşməndən fərqləndirən odur ki, biz öz torpağımızdayıq. Onlar bizim torpaqlarımızı zəbt ediblər. Bizim başqa dövlətin torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Mənim tövsiyələrimlə əlaqədar alimlərimiz bu tarixə dair gözəl kitablar, elmi əsərlər yaratmışlar. Xüsusilə, İrəvan xanlığı bizim qədim tarixi torpağımızdır. İrəvan xanlığı, Zəngəzur, Qarabağ bizim ərazimizdir. Buradan, siz xidmət apardığınız yerdən, döyüş mövqelərindən Gülüstan kəndi görünür. Həmin o Gülüstan kəndidir ki, orada müqavilə imzalanıb. Bu müqavilədən və Türkmənçay müqaviləsindən sonra ermənilər kütləvi şəkildə indiki İran ərazisindən buraya köçürülüblər. Ermənilər özləri 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsinin 150 illik tarixini əks etdirən abidə ucaldıblar. Yaxşı, əgər onlar iddia edirlərsə ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır, necə ola bilər ki, ermənilərin Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyini 1978-ci ildə onlar öz təşəbbüsləri ilə qeyd ediblər. Yəni, o vaxt özləri də etiraf ediblər ki, 1828-ci ildə onlar bizim torpağımıza gəliblər. Ondan sonra azərbaycanlıları yavaş-yavaş sıxışdırmağa başladılar».