Xəbərlər

Prezident Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

“Poliqon” xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən müdafiə naziri Zakir Həsənov deyib ki, burada inşa olunan qərargah binasında hərbi hissə komandanlığının fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün bütün şərait yaradılıb. Ərazidə klub da fəaliyyət göstərəcək.

Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib.

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib.

Bildirilib ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolokasiya vasitələrinin, radiotexniki kəşfiyyatın, radioelektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş yeni xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlət başçısına mənzillərdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin zabit və gizirləri üçün nəzərdə tutulmuş yeni hərbi şəhərcik iki binada 48 xidməti mənzildən ibarətdir. Bütün mənzillərdə hərbi qulluqçularımızın ailələri ilə birlikdə rahat yaşaması üçün hər cür şərait yaradılıb.

 

Poliqon.az

Back to top button