Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib – YENİLƏNİB

Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.
“Poliqon” Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlət başçısına raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verib.
Bildirilib ki, 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeçiliyinə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma, soyutma, elektrik və su sistemləri ilə təchiz olunub.




