Prezident İlham Əliyev ƏÜO-da yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib

Avqustun 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər.
“Poliqon” xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Qərargahının ərazisində Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Müdafiə Nazirliyinin rəhbər heyəti qarşılayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov yeni yaradılan hərbi hissələr barədə Ali Baş Komandana məruzə edib.
Prezident İlham Əliyevə hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olunub.
Müzəffər Ali Baş Komandan şəxsi heyəti salamlayıb.
Əməliyyat (komando) hərbi hissələrinin komandirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayraqlarını qəbul edərək, sıraya durublar.
Dövlət başçısı və birinci xanım komando hərbi hissələrinin şəxsi heyəti ilə xatirə fotosu çəkdiriblər.
Sonda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya ordumuzun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verilib.




























