“Qafqaz Qartalı-2024” təlimində “Kargu” PUA tətbiq edilib – FOTO/VİDEO
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı-2024” təlimində “Kargu” kamikadze pilotsuz uçuş aparatı (PUA) tətbiq edilib.
“Poliqon” xəbər verir ki, təlim çərçivəsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq “Kargu” PUA-nın tətbiqi ilə qəfil basqın icra edilib və canlı qüvvə zərərsizləşdirilib.
Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan “Kargu” PUA gündüz/gecə kəşfiyyatı və hücum əməliyyatları üçün nəzərdə tutulub.
“Kargu” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir. İstehsal prosesində təkmilləşdirilən “Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.
Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli “Kargu” məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməyə imkan verir.
“Kargu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir. Beləliklə ya hədəfə taran etməklə, ya da müəyyən məsafədə özünü partlatma üsulu ilə hədəfi zərərsizləşdirir.
Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətinə sahib olan “Kargu” PUA 5-10 kilometr mənzilə, 30 dəqiqə havada qalmaq bacarığına malikdir. Çəkisi 6285 qram, sürəti 72 km/saat olan “Kargu” maksimum 1000 metr yüksəkliyə qalxa və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir.
“Kargu”nun digər özəlliyi döyüş başlığının asanlıqla dəyişdirilə bilməsidir. “Kargu” üçün 3 fərqli növdə döyüş başlığı hazırlanıb. “Kargu” 600 qramdan 1.5 kiloqramadək müxtəlif döyüş başlığını (MKE MOD38, MKE termobarik, MKE MOD50 qəlpəli) daşıya bilir. MKE MOD38 minalarının daxilində hazır şəkildə 700 ədəd, MKE MOD50 başlığında isə 1600 ədəd qəlpə yerləşir. Sonuncu 50 metr radiusda canlı qüvvəni sıradan çıxarır.
Operator kiçik idarəetmə kompüteri üzərindən PUA-nın hədəf üzərində artlama məsafəsini seçə və işə sala, hədəfi dəyişə, hücum prosesində komandadan imtina edərək, PUA-nı geri çağıra, yaxud digər hədəfə yönləndirə bilir. Kamikadze dron hədəfin təyin olunması, hücumun edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malikdir. Sürü halında 20-dən çox dronun eyni vaxtda tətbiqi mümkündür.