AraşdırmaXəbərlər

Qlobal nüvə ehtiyatları artır: Çin sürətlə yüksəlir, ABŞ və Rusiya liderliyi qoruyur – HESABAT

Nüvə silahına malik doqquz dövlət – Amerika Birləşmiş Ştatları (ABŞ), Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və İsrail 2025-ci ildə nüvə arsenalının modernləşdirilməsi və gücləndirilməsi proqramlarını davam etdirib.

“Poliqon” xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) hesabat yayımlayıb.

Hesabata əsasən, ötən il ərzində bu ölkələrin əksəriyyəti yeni nüvə başlığı daşıyan və ya nüvə silahı daşımaq qabiliyyətinə malik silah sistemlərini silahlanmaya qəbul edib.

2026-cı ilin yanvar ayına olan hesablamalara görə, dünyada ümumilikdə təxminən 12187 nüvə başlığı mövcud olub. Onlardan təxminən 9745-i hərbi ehtiyatlarda saxlanılan və istifadəyə yararlı döyüş başlıqlarıdır. Bu döyüş başlıqlarının təxminən 4012-si raketlər və təyyarələr üzərində yerləşdirilib, qalan hissəsi isə mərkəzləşdirilmiş anbarlarda saxlanılır. Yerləşdirilmiş döyüş başlıqlarından 2100-2200 ədədi ballistik raketlər üzərində yüksək döyüş hazırlığı vəziyyətində saxlanılıb.

Bu döyüş başlıqlarının demək olar ki, hamısı Rusiya və ABŞ-a məxsusdur, daha az hissəsi isə Fransa və Böyük Britaniyanın arsenalında yer alır. Bununla belə, Çin və Hindistanın da sülh dövründə müəyyən sayda nüvə başlığını raketlər üzərində yerləşdirdiyi ehtimal olunur.

SIPRI-nın direktoru Karim Haggag bildirib ki, bəzi nüfuzlu şəxslər, o cümlədən dünya liderləri nüvə silahlarını düşmən dövlətin hücumundan qorunmanın təminatı kimi təqdim edirlər: “Lakin milli müdafiə və təhlükəsizlik strategiyalarının nüvə silahlarından asılılığının artması nüvə risklərini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Silah texnologiyalarındakı inkişaf, nüvə silahlarına nəzarət mexanizmlərinin zəifləməsi və geosiyasi gərginliyin artması nəticəsində nüvə silahları ilə bağlı təhlükələr böyüyür. Eyni zamanda, xüsusilə nüvə silahına malik Hindistan və Pakistan arasında baş vermiş münaqişə nüvə çəkindirmə məntiqini də sınağa çəkir”.

Soyuq müharibədən sonra ilk dəfə artım gözlənilir

Soyuq müharibənin başa çatmasından sonra ABŞ və Rusiyanın istifadədən çıxarılmış döyüş başlıqlarını məhv etməsi yeni başlıqların yerləşdirilməsini üstələyirdi. Nəticədə dünyadakı ümumi nüvə silahı ehtiyatı ildən-ilə azalırdı.

Lakin yaxın illərdə bu tendensiyanın dəyişəcəyi gözlənilir. Səbəb ondan ibarətdir ki, köhnə başlıqların utilizasiya tempi zəifləyir, yeni nüvə silahlarının yerləşdirilməsi isə sürətlənir.

SIPRI-nın Kütləvi Qırğın Silahları Proqramının baş elmi əməkdaşı və ABŞ Alimlər Federasiyasının Nüvə Məlumatları Layihəsinin direktoru Hans M. Kristensen vurğulayıb ki, nüvə silahına malik dövlətlərin tərksilah öhdəliklərini arxa plana keçirdiklərinə, hətta onlardan uzaqlaşdıqlarına dair sübutlar artır. Bunun əvəzinə onlar nüvə gücünü nümayiş etdirirlər. Nüvə həll yollarına üstünlük verilməsi yeni risklər yaradır və silahlanma yarışını sürətləndirir.

ABŞ və Rusiya üstünlüyü qoruyur

Rusiya və ABŞ birlikdə dünyadakı istifadəyə yararlı nüvə başlıqlarının təxminən 83 faizinə sahibdir. Lakin digər nüvə dövlətlərinin arsenalının böyüməsi səbəbindən bu pay tədricən azalır.

2025-ci ildə həm ABŞ, həm də Rusiyanın hərbi ehtiyatlarında ciddi dəyişiklik müşahidə edilməsə də, hər iki ölkənin genişmiqyaslı modernləşdirmə proqramlarının gələcəkdə onların arsenalının həm sayını, həm də müxtəlifliyini artıracağı gözlənilir.

ABŞ-ın nüvə modernləşdirmə proqramı davam etsə də, 2025-ci ildə maliyyələşdirmə və planlaşdırma problemləri ilə üzləşib. Bundan əlavə, yeni taktiki nüvə silahlarının arsenalda yer alması proqramın büdcə və logistika yükünü artırır. Bu yükün ABŞ Prezidenti Donald Tramp administrasiyasının təklif etdiyi və dəyərinin 1,2 trilyon dollar olacağı təxmin edilən “Golden Dome” raketdən müdafiə sistemi səbəbindən daha da artacağı gözlənilir.

Rusiyanın proqramında çətinliklər

Rusiyanın nüvə modernləşdirmə proqramı da problemlərlə qarşılaşıb. 2025-ci ildə hazırlanmaqda olan RS-28 “Sarmat” qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışı uğursuz olub. Ukraynadakı müharibə ilə bağlı ehtiyaclar və Qərbin iqtisadi sanksiyalarının proqramın gedişinə təsir etdiyi bildirilir.

Bundan başqa, nüvə mühərrikli “Burevestnik” qanadlı raket proqramı da problemlərlə üzləşib. Bir neçə uğursuz sınaqdan sonra 2025-ci ildə bu raketin 14 min kilometrdən çox məsafəyə uğurlu uçuş həyata keçirdiyi açıqlanıb.

Rusiya həmçinin Belarusda ikili təyinatlı “Oreshnik” ortamənzilli ballistik raketi üçün irəli əməliyyat bazası tikməyə başlayıb. “Oreshnik” raketləri adi döyüş başlıqları ilə Ukraynaya qarşı istifadə olunub və son belə istifadə 2026-cı ilin may ayında qeydə alınıb.

Çin ən sürətlə böyüyən nüvə arsenalına malikdir

SIPRI-nın hesablamalarına görə, Çin hazırda təxminən 620 nüvə başlığına sahibdir və arsenalını dünyada ən sürətli şəkildə genişləndirən ölkədir.

2025-ci ildə keçirilən hərbi paradda Çin bir neçə yeni nüvə sistemini nümayiş etdirib. 2026-cı ilin yanvarına qədər ölkənin şimalındakı üç böyük raket şaxtası rayonunda yüzlərlə raket yerləşdirilib, şərqdəki dağlıq ərazilərdə isə əlavə 30 şaxtanın tikintisi davam etdirilib.

Çin qüvvələrinin strukturundan asılı olaraq, onilliyin sonuna qədər qitələrarası ballistik raketlərin sayına görə ABŞ və ya Rusiya ilə eyni səviyyəyə çata bilər. Bununla belə, 2030-cu ilə qədər nüvə başlıqlarının sayı 1000-i keçsə belə, bu göstərici yenə də ABŞ və Rusiyanın mövcud arsenalının yalnız dörddə biri səviyyəsində olacaq.

Digər nüvə dövlətləri

Böyük Britaniyanın 2025-ci ildə arsenalını artırdığı düşünülməsə də, gələcəkdə əməliyyat döyüş başlıqlarının sayının artacağı gözlənilir. Həmçinin ölkə ABŞ-dan 12 ədəd F-35A “Lightning II” döyüş təyyarəsi almaq və onları ABŞ-ın nüvə bombaları ilə təchiz etmək niyyətini açıqlayıb.

Fransa 2025-ci ildə nüvə sualtı qayıqları parkını yeniləməyə davam edib və təkmilləşdirilmiş M51.3 ballistik raketini istifadəyə verib. Həmçinin ölkənin yeni hipersəs nüvə qanadlı raketləri ilə silahlandırılacaq “Rafale” eskadrilyaları üçün yeni nüvə aviabazasının yaradılması planı açıqlanıb.

Hindistan və Pakistan 2025-ci ildə nüvə arsenalını və çatdırılma sistemlərini inkişaf etdirməyə davam edib. May ayında iki ölkə arasında qısamüddətli silahlı qarşıdurma baş versə də, tərəflər vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışıblar.

Şimali Koreyanın təxminən 60 nüvə başlığına malik olduğu, əlavə 30 başlıq istehsal etmək üçün kifayət qədər parçalanan material ehtiyatına sahib olduğu ehtimal edilir. Ölkə yeni raket sistemlərinin, o cümlədən “Hwasong-20” qitələrarası ballistik raketinin sınaqlarını davam etdirib.

İsrail rəsmi olaraq nüvə silahına malik olduğunu təsdiqləməsə də, onun da nüvə arsenalını modernləşdirdiyi güman edilir. 2025-ci ildə Dimona yaxınlığındakı nüvə tədqiqat mərkəzində yeni tikinti işləri sürətləndirilib.

Nüvə silahlarından asılılıq artır

SIPRI ekspertlərinin fikrincə, nüvə silahına malik dövlətlər son illərdə daha çox məxfilik siyasətinə üstünlük verir, eyni zamanda arsenalını genişləndirirlər. Yeni START müqaviləsinin müddətinin başa çatması ilə bu tendensiyanın daha da güclənəcəyi gözlənilir.

Bununla yanaşı, Avropa, Şərqi Asiya və Yaxın Şərqdə baş verən hadisələr nüvə silahlarının bir sıra qeyri-nüvə dövlətlərinin təhlükəsizlik strategiyalarında da daha mühüm rol oynamağa başladığını göstərir.

2026-cı ilin mayında yekunlaşan Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə baxış konfransı yekun sənəd qəbul etmədən başa çatıb. SIPRI bunu qlobal nüvə silahlarının yayılmaması rejimi üçün ciddi geriləmə kimi qiymətləndirir.

Back to top button