Rəşad Süleymanov xatirələrdə: Beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edib

Rəşad Süleymanov xatirələrdə: Beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edib

O, Rəşad Süleymanov oldu

… Dünyada Rəşad heç kimə arxayın olmayıb və heç kəsə də güvənməyib. O, göydə Allaha, yerdə isə özünə güvənib. Bütün çətinlikləri, ağrını-acını, sıxıntıları öz qüvvəsilə, öz gücü ilə həll edib. Düzdü, Rəşadın vəzifədə olan və sayılıb-seçilən qohum-əqrəbası da var. Amma bu halal yolu tutan və o yolda mücadilə aparan istedadlı gənc heç vaxt, heç nəyə və hətta arxalı qohuma belə söykənməyib. Söykəndiyi haqq-ədalət olub, tutduğu yol olub və o yolla da gedərək üzü işığa çatıb…

Bu işıq onu göyün yeddinci qatına qaldıran sözün işığı idi. Sözün işığında həm özü ucalırdı, həm də qələmə aldığı insanlar və onu sevənlər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdi və mənim əmim nəvəsi idi. Babası Yusif Süleymanov İkinci Dünya müharibəsində iştirak etmiş, düz Ukraynadan Berlinə qədər döyüş yolu keçmişdi. Hətta Ukraynanın qəsəbələrin birində onun adını əbəliləşdirərək «Yusif Süleymanov» küçəsi qoymuşdular. Və hərdənbir də onu Ukraynaya dəvət edirdilər və bir dəfə də mənim atamla həmin qəsəbəyə getmişdi, möhtəşəm görüşdə olmuşdu. Atam da ordakı insanların Yusif əmimə olan sevgisini görüb məəttəl qalmışdı və demişdi ki, biz bilmirdik ki, Yusifin bu qədər ukraynalılar arasında hörməti varmış. Çünki o, neçə-neçə dinc sakini, səngərdə yaralanmış əsgər yoldaşını ölümün pəncəsindən xilas etmişdi.

Rəşad da Yusif kişinin nəvəsi idi. Eynən ona bənzəyirdi. Nə ölümdən qorxardı, nə də hansısa vəzifəli şəxsin hədə-qorxusundan. Birinci Qarabağ savaşının ilk günlərindən əsgərlərimizin yanında olardı. İkinci Qarabağ savaşı başlamamışdan öncə hərbi jurnalist kimi ən çətin mövqelərə gedib orda müsahibələr, reportajlar, xəbərlər hazırlayardı. Onu da qeyd edək ki, Rəşad «Həftə içi», «525» qəzetlərində və eləcə də İctimai Televiziyada, o cümlədən, «APA» İnformasiya Agentliyində çalışmışdı. Təbii ki, onun vətən sevgisi, vətən məhəbbəti, jurnalistikaya olan marağı həmişə önə çəkirdi. Öndə isə vətən vardı, səngərlərimiz vardı və döyüşən oğullarımız vardı. Rəşad elə bir ay olmazdı ki, səngərdə – Azərbaycan əsgərinin yanında olmasın! Çünki o, artıq daha da püxtələşmiş, daha çox təcrübə toplamış və öz mövqeyi olan hərbi jurnalist idi. Və təsadüfi deyil ki, müstəqil surətdə yeni «Azeri Defence» saytı və eyni adlı jurnalı açmışdı. Hər iki informasiya mənbəyinin baş redaktoru idi və baş redaktor kimi də qısa zaman kəsiyində çox böyük hörmət və nüfuz qazandı. O nüfuz ki, ancaq sərhəddən keçirdi, səngərdən keçirdi və Azərbaycan əsgərinin yanından keçirdi…

Rəşad yeganə hərbi jurnalistlərdən idi ki, o ordu quruculuğu ilə bağlı çox zəngin biliyə, təcrübəyə və məlumata malik idi. Hərbi ekspert kimi İkinci Qarabağ müharibəsi başlanan ilk gündən müxtəlif televiziya kanallarına dəvət olunur və orda maraqlı fikirləri ilə tamaşaçıları sevindirirdi. Çünki Rəşad başqaları kimi pafosla, boğazdan yuxarı danışmır, hər şeyi faktlar və zəngin məlumatlar əsasında tamaşaçıya çatdırırdı. Ona görə də onun çıxışlarını hamı səbirsizliklə gözləyirdi və o da sözün işığında, nurunda milyonların ürəyində özünə iz qoyurdu. Hər dəfə efirə çıxanda çöhrəsindəki nuru görürdük və bu nuru görəndə hiss edirdik ki, Rəşad Süleymanov ordumuzla bağlı, Azərbaycan əsgərinin 44 günlük mücadilədə uğurları ilə əlaqədar şad xəbərlər deyəcək. 44 günlük Qarabağ savaşında Rəşad əsgərlərimizin mücadiləsini və qələbəsini Azərbaycan tamaşaçısına, Azərbaycan oxucusuna çatdırdı…

Rəşadı hamı çox istəyirdi. Bircə onu çox istəməyənlər haqqı və ədaləti, həqiqəti sevməyənlər idi. Onlar da cəhənnəmə istəməsinlər. Əsas o idi ki, Rəşadın qəlbi Vətən məhəbbəti ilə, Vətən eşqi ilə çırpınırdı. Və bu yolda ölümdən belə çəkinmirdi. Dəfələrlə bu döyüş zamanı həlak ola bilərdi. Amma hər dəfə də Allah onu çətin vəziyyətdən xilas edirdi. Rəşad həm də ordumuzdakı neqativ halları belə tənqid etməkdə çəkinmirdi. Hətta Qərargah rəisini tənqid atəşinə tuturdu. Onun hədəsinə, qorxusuna baxmayaraq, yenə o haqqı-ədaləti yazır, vətəni və milləti yüksək vəzifəlilərdən üstün tuturdu…

Bir faktı da qeyd edək ki, Rəşad Süleymanov dəfələrlə bir çox xarici ölkələrdə keçirilmiş beynəlxalq sərgilərdə iştirak etmiş və orda maraqlı çıxışları ilə Vətənimizi təmsil etmişdi. Onun çıxışları o qədər orijinal və maraqlı olmuşdu ki, xarici ölkələrdən birini müdafiə naziri onu şəxsən nazirliyə dəvət etmiş, orda ətraflı söhbət eləmişdi və demişdi ki, biz səni yaxşı öyrənmişik, sənin baban vaxtilə mənim babamı ölümdən qurtarıb. Biz də sənin kimi istedadlı, təcrübəli jurnalistləri qorumağa və sevməyə borcluyuq. Bax, Rəşad belə bir hərbi jurnalist olub. Hansı beynəlxalq təşkilatın təşkil etdiyi tədbirdə iştirak edibsə, orda Azərbaycanı ləyaqətlə, şərəflə təmsil edib.

Rəşad 38 yaşında Allahın dərgahına qovuşdu və bu 38 yaşda sanki o, 138 il bir ömür yaşadı. Çünki Rəşad qısa zaman kəsiyində çox ürəklərdə özünə əbədi bir iz qoydu. Ən çox da bu izi böyüyüb-başa çatdığı Füzuli rayonunun Böyük Bəhmənli kəndində qoymağı bacardı. Çünki Rəşad həm də qədim və zəngin mədəniyyəti olan Bəhmənlinin tarixini, keçmişini, bir jurnalist kimi araşdırırdı və heç kimin bilmədiyi və üzləşmədiyi faktları ortaya qoyurdu. Ona görə də Bəhmənlilər deyir ki, heyif Rəşada, onun kimi oğul bir də dünyaya gəlməyəcək.

Bu yaxınlarda Rəşad Məhəmməd oğlu Süleymanovun 40 yaşı tamam olub. Bu münasibətlə onun oxuduğu və məzunu olduğu Füzuli rayon Allahyar Əliyev adına Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbində anım mərasimi keçirilib. Anım mərasimini Kürdəmir Regional Mədəniyyət şöbəsi, Füzuli rayon Dram Teatrı, fotoqraf Nurəhməd Vəliyev, Yağlıvənd musiqi məktəbinin direktoru Elmir İdrisli, Rəşadın təsisçisi və baş redaktoru olduğu «Azeri Defence» («Paliqon») jurnallarının indiki baş redaktoru Zaur Babaşov təşkil etmişdilər. Tədbirdə Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Xocavənd rayon prokuroru və Rəşadın dayısı Kamran Əhmədov, Kürdəmir Regional Mədəniyyət şöbəsinin müdiri Faiq Xudanlı, Rəşadın birinci sinif müəllimi, sinif rəhbəri Həqiqət Rzayeva və Solmaz müəllimə, məktəbin direktoru Həsən Rzayev, fotoqraf Nurəhməd Vəliyev, Qarabağ müharibəsi qaziləri və iştirakçıları çıxış edərək məşhur jurnalist barəsində xatirələrini danışdılar. Rəşadın oxuduğu məktəbdəki sinif otağına onun adı verildi. Tədbir iştirakçıları həmin sinif otağı ilə tanış oldular və şagirdlərin ifasında şeirlər və kompozisiya dinlədilər…

Rəşad Süleymanov sözün işığında Allahın dərgahına dönüb və indi o, göyün yeddinci qatında – Allahın dərgahındadı. Axı deyirlər ruhlar yaşayır, onun ruhu da yəqin ona olan xalq sevgisindən xəbər tutdu və sevindi ki, Rəşad kimi istedadlı, vətənsevər, cəsarətli və mərd jurnalistlər heç vaxt yaddan çıxmırlar. Yaddan çıxmayan həm də Rəşadın səmimiyyəti, bal kimi şirin söhbəti və çöhrəsindəki nurdur. Elə o nurla da Allahın dərgahına qovuşdu…

Faiq QİSMƏTOĞLU
ƏDALƏT qəzeti

 

CATEGORIES