“Rheinmetall” və “Ukroboronprom” birgə əməkdaşlıq göstərəcək
Almaniyanın “Rheinmetall” şirkəti və Ukraynanın “Ukroboronprom” Dövlət Konserni arasında strateji əməkdaşlıq sazişi imzalanıb.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bu, texnologiya transferi yolu ilə Ukraynanın müdafiə sənayesini və ölkənin milli təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.
Müqaviləyə əsasən, Ukraynaya texnologiya transferini həyata keçirmək üçün “Rheinmetall” ilə “Ukroboronprom” arasında körpü rolunu oynayan birgə müəssisə yaradılacaq.
Sazişə uyğun olaraq həmin müəssisənin cari ilin iyun ayının sonuna kimi yaradılması, iyul ayının ortalarından etibarən isə fəaliyyətə başlaması planlaşdırılıb.
Burada ilkin mərhələdə Almaniya hökumətinin “Ringtausch” avadanlıq mübadiləsi proqramı çərçivəsində Ukraynaya təhvil verilən, eləcə də birbaşa tədarük edilən avtomobillərin texniki xidməti və təmiri yerinə yetiriləcək. Sonrakı mərhələlərdə, texnologiyanın hərtərəfli transferinə əsaslanaraq, “Rheinmetall” məhsullarının Ukraynada birgə istehsalı həyata keçiriləcək.
Əlavə məlumat üçün qeyd edək ki, “Ringtausch” proqramı Almaniya hökuməti tərəfindən Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək məqsədi ilə başladılıb. Proqrama əsasən Almaniyanın qonşuları və NATO-ya daxil olan ölkələr yeni Qərb hərbi sistemlərinin əvəzində inventarlarındakı Sovet dövrünə aid hərbi texnika və avadanlıqları Ukrayna Ordusunun silahlanmasına verir.