RMMV HX3 ağır yük maşınları nümayiş edilib

RMMV HX3 ağır yük maşınları nümayiş edilib

Almaniyanın “Rheinmetall” şirkəti son nəsil RMMV HX3 ağır yük maşınlarını nümayiş etdirib.

Bu barədə “Poliqon” “Military magazine” portalına istinadən xəbər verib.

Son nəsil RMMV HX3 ağır yük maşınları “Rheinmetall MAN Military Vehicles” (RMMV) ortaq müəssisəsi tərəfindən yaradılıb və təklif edilir. HX3 yük maşınları, ailənin mövcud avtomobillərin innovativ texnologiyalara əsaslanaraq tamamilə yenidən layihələndirilməsi üsulu ilə hazırlanıb.

Son nəsil HX3 yük maşınları həm maddi-texniki təminatda, həm də müxtəlif təyinatlı xüsusi avadanlıqların yerləşdirilməsində istifadə üçün nəzərdə tutulub.

Digər xüsusiyyətlərlə yanaşı, avtomobillər daha yaxşı əməliyyat elastikliyi və gələcək istehsalat inkişafları üçün daha yaxşı müdafiəyə, yaxşılaşdırılmış mobilliyə, yüksək idarəetmə rahatlığına və rəqəmsal interfeys arxitekturasına sahibdir.

Yeni nəsil HX3 yük maşınları əsasən 4×4, 6×6, 8×8 və 10×10 təkər formullu versiyalarda olacaq, silahlanma və radiolokasiya sistemlərinin inteqrasiyası üçün platforma kimi istifadə edilə biləcək.

Bunlara, məsələn, yaxın illərdə daha da populyarlaşma ehtimalı olan HX3 yük maşını şassili artilleriya sistemləri daxildir. Yeni hazırlanmış artilleriya yük maşını interfeysi (Artillery Truck Interface – ATI) ilə birləşdirilən HX 10×10 nəqliyyat vasitəsi, yaxın gələcəkdə müxtəlif artilleriya və ya digər silah sistemləri üçün standart baza kimi istifadə edilə bilər.

İstehsalçı, belə variantın bir nümunəsi olaraq, HX3 şassisi üzərində AGM artilleriya modulu (Artillerie-Geschütz-Modul) olan 155 mm təkərli haubitsanı nümayiş etdirib.

Müştərinin istəyi ilə HX3 xəttindəki avtomobillər zirehli kabina ilə təchiz oluna bilər ki, onun da müdafiə səviyyəsini modul quruluşu sayəsində artırmaq mümkündür. Üstəlik, ənənəvi kamuflyajdan əlavə, yeni nəsil avtomobillər rəqəmsal görünməz rejimlə təchiz olunub, yəni, zəruri hallarda avtomobilin rəqəmsal izlənməsini azaltmaq üçün məlumat ötürülməsi və qəbulunun bütün funksiyaları söndürülə bilər.

Fövqəladə əyləc sistemi (EBA), adaptiv yürüş nəzarəti (ACC) və hərəkət zolağından çıxma xəbərdarlığı (LDW) kimi köməkçi sistemlərlə birlikdə, tamamilə yeni rəqəmsal arxitektura, xüsusən də avtonom olaraq hərəkət edərkən, avtomobilin gələcək davamlılığını təmin edəcək.

Standartlaşdırılmış interfeyslər sayəsində gələcəkdə istifadəyə veriləcək texnologiyaların da inteqrasiyası mümkün olacaq.

Kabinanın möhkəmləndirilmiş damında aktiv özünümüdafiə üçün uzaqdan idarə olunan silahlı modul üçün yer də nəzərdə tutulub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES