“Roketsan” PUA-lar üçün səsdən sürətli daha bir raket hazırlayır

“Roketsan” PUA-lar üçün səsdən sürətli daha bir raket hazırlayır

Türkiyənin “Roketsan” şirkəti İHA-230 raketinin ardınca pilotsuz uçuş aparatlarından (PUA) atılmaq üçün səsdən sürətli daha bir raket inkişaf etdirir.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Savunmasanayist”ə açıqlama verib.

O bildirib ki, yeni raket “yer-yer” tipli TRG-122-nin PUA-lar tərəfindən istifadə ediləcək “hava-yer” təyinatlı İHA-122 versiyası olacaq: “Mövcud imkanlarımızı müxtəlif platformalarla genişləndirərək sürətli həllər yaratmağa çalışırıq. Xüsusilə yüksək sürətli raketlərimizin hava hücumundan müdafiə sistemlərinə qarşı çox ciddi üstünlük təmin etdiyini bilirik. Bu üstünlükdən istifadə etmək baxımından PUA-larımıza İHA-230 və İHA-122 raketlərimizin inteqrasiyasını yerinə yetiririk”.

İHA-230 haqqında danışan “Roketsan”ın baş direktoru, raketin sınaq atışlarının uğurla tamamlandığını və hazırda seriyalı istehsalda olduğunu vurğulayıb: “Hazırda onların döyüş meydanında istifadə olunmasını gözləyirik. Bununla səsdən bir neçə dəfə yüksək sürətlə 100-150 kilometr aralığındakı hava hücumundan müdafiə (HHM) sistemləri başda olmaqla bütün hədəfləri çox sürətli bir şəkildə vura biləcək qabiliyyəti PUA-larımıza qazandırmış olduq. Bu qabiliyyətlə biz PUA-larımızın təhlükəli zonaya girmədən əks ünsürləri aradan qaldıra biləcək yüksəklik və mənzilə malik olmasını təmin etdik. Bu, digər kiçik sursatlarımız üçün də böyük üstünlük olacaq. Yenə İHA-122, bunu izləyəcək sistemlərimizdən biri olacaq”.

“122 və 230-un təkcə havadan atılan versiyaları deyil, “Roketsan” olaraq onların tuşlamalı hala gətirilməsini də həyata keçiririk. 230-u onsuzda lazerlə idarə olunan vəziyyətə gətirmişdik. Artıq 122-lərin də lazerlə idarə olunması üçün işlər tamamlanıb. Onları da tezliklə döyüş meydanında uğurla görəcəyimizi düşünürəm”, – deyə Murat İkinci qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS