“Roketsan” tank əleyhinə yeni raket üzərində çalışır

“Roketsan” tank əleyhinə yeni raket üzərində çalışır

Türkiyənin “Roketsan” şirkəti tərəfindən tank əleyhinə UMTAS-GM adlı yeni raket hazırlanır.

“Poliqon” xəbər verir ki, bunu “Savunmasanayist”ə açıqlamasında “Roketsan” şirkətinin baş direktoru Murat İkinci deyib.

Hazırda “Roketsan” tərəfindən həyata keçirilən 40-a yaxın gizli layihə ilə bağlı danışan M.İkinci bildirib ki, bunlar çox ciddi və vacib layihələrdir: “Amma prototip mərhələsinə çatana qədər onlar haqqında heç bir məlumat verməməyə üstünlük veririk. Onlardan biri hazırda prototipi bitmiş olan və sınaqları davam edən UMTAS-ın uzun mənzilli versiyası UMTAS-GM-dir. UMTAS-GM versiyası, xüsusən helikopterlərdən və quru platformalarından atəş açmaq qabiliyyəti ilə əslində UMTAS tank əleyhinə raketimizin mənzilini daha çox artıracaq”.

Daha sonra şirkətin baş direktoru, “Roketsan”ın UMTAS-GM ilə əlaqədar planlarına toxunub: “Buradakı məqsədimiz beynəlxalq arenada həm yüksək bazar payına malik olan, həm də silahlı qüvvələrimizə üstünlük təmin edəcəyini düşündüyümüz bir məhsulu ən qısa zamanda istifadəyə verməkdir. Hədəfimiz bu ilin sonuna doğru kütləvi istehsal mərhələsinə qədəm qoyan UMTAS-GM ilə istifadəçilərimizin qarşısına çıxmaqdır”.

“Adlarını qeyd etmədiyimiz 40 layihə hər biri öz təqvimi daxilində mühəndislərimizin səyləri ilə davam edir. Əslində bizi izləməyə davam edin deyəcəyəm. Bu layihələrin nəticələrini əldə etdikcə, onları birinci öz ictimaiyyətimizlə, ikinci isə dünya ilə bölüşməyə davam edəcəyik”, – deyə Murat İkinci qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS