“Roketsan” və “Tawazun” şurası arasında anlaşma memorandumu imzalanıb

“Roketsan” və “Tawazun” şurası arasında anlaşma memorandumu imzalanıb

IDEX-2023 sərgisində Türkiyənin “Roketsan” şirkəti və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Tawazun” şurası arasında anlaşma memorandumu imzalanıb.

“Poliqon” xəbər verir ki, memorandum çərçivəsində BƏƏ-nin Silahlı Qüvvələrinə təklif olunması üçün yüksək dəqiqlikli və sürətli raket sistemlərinin inkişafı ilə bağlı hər iki şirkət tərəfindən resursların ayırlması, qabaqcıl texnologiyaların və rəqabətqabiliyyətli sistem həllərinin hazırlanmasına dair sıx əməkdaşlığın aparılması nəzərdə tutulub.

Bu əməkdaşlıqla bağlı fikirlərini bölüşən “Roketsan”ın baş direktoru Murat İkinci IDEX-2023 sərgisində iştirak etməkdən və Türkiyə ilə BƏƏ arasında yeni ticarət körpüsünün yaradılmasından məmnun olduğunu bildirib.

M.İkinci qeyd edib ki, IDEX həm əlaqələrin dərinləşdirilməsi, həm də yeni tərəfdaşların tapılması üçün bir fürsətdir və bu yeni saziş müdafiə sənayesi sahəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın sürətləndirilməsinə gətirib çıxaracaq.

““Roketsan” və “Tawazun” şurasının birgə səylərinin yerli və xarici istifadəçilər üçün sübut edilmiş performansa malik yenilikçi və etibarlı sistem həlləri ilə nəticələnəcəyi gözlənilir. IDEX-2023 sərgisində imzalanmış memorandum bu məqsədə nail olmaq və aramızda olan tərəfdaşlığı gücləndirmək istiqamətində mühüm addımdır”, – deyə  “Roketsan”ın baş direktoru vurğulayıb.

Eyni zamanda “Tawazun” şurasının Müdafiə və Təhlükəsizlik Sənaye Məsələləri üzrə Sektor müdiri Muammar Abdulla Abushehab da bu əməkdaşlığa dair öz düşüncələrini paylaşıb: ““Roketsan” ilə tərəfdaşlıq inkişaf üçün bir mərhələdir. Bu “Tawazun” şurasının uğurlu və ciddi tərəfdaşlıqlar qurmaq öhdəliyinə sübutdur”.

““Tawazun” şurası və “Roketsan” gələcəkdəki müdafiə ehtiyaclarını ödəmək və qabaqcıl texnologiyaları inkişaf etdirmək üçün əməkdaşlıq edəcək, tərəfdaşlığımızda əhəmiyyətli uğura imza atacaq”, – deyə M.A.Abushehab bildirib.

Qeyd edək ki, “Tawazun” şurası Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi və təhlükəsizlik agentlikləri ilə sıx əməkdaşlıq edən müstəqil dövlət qurumudur.

Poliqon.az

CATEGORIES
TAGS