
“Roselektronika” yeni dost-düşmən tanıma sisteminin sınaqlarına başlayıb
Rusiyanın “Roselektronika” holdinqi pilotsuz uçuş aparatları (PUA) üçün inkişaf etdirdiyi yeni dost-düşmən tanıma sisteminin sınaqlarına başlayıb.
“Poliqon” “Roselektronika” istinadən xəbər verir ki, hazırda yeni sistemin prototiplərdən biri Rusiyanın “Geoscan” şirkəti tərəfindən istehsal olunan “Geodezy-401” PUA-da sınaqdan keçirilir.
Qeyd olunub ki, yeni dost-düşmən tanıma sisteminin əsas elementi PUA-da quraşdırılmış radar identifikatorudur. Birinci mərhələdə avadanlıq Rusiyanın dövlət identifikasiya sistemindən istifadə edən stansiyalarla işləyəcək. Bu cür qurğular aviasiyada öz texnikasını düşmənin texnikasından fərqləndirmək üçün istifadə olunur.
Sistem “dost və ya düşmən” prinsipi ilə işləyir və avtomatik olaraq 5 km-ə qədər yüksəklikdə, 100 km-ə qədər məsafədə dost PUA-ları müəyyən edir. Kütləsi 90 qramdan çox olmayan avadanlıq aşağı enerji sərfiyyatına malikdir.
“Roselektronika” holdinqi dost-düşmən tanıma sisteminin pilot partiyasının istehsalına 2025-ci ildə başlamağı planlaşdırır.