Rumıniya “Abrams” tankı almağı planlaşdırır

Rumıniya “Abrams” tankı almağı planlaşdırır

Rumıniyanın Müdafiə Nazirliyi 54 ədəd M1A “Abrams” tankının alınmasına dair müqavilənin təsdiqi üçün parlamentə sorğu göndərib.

“Poliqon” “G4Media.ro”” portalına istinadən xəbər verir ki, burada söhbət 54 ədəd M1A2 versiyasının alınmasından gedir.

Bildirilib ki, bu maşınlardan 12 ədədi ABŞ Ordusunun ehtiyatlarından çatdırılacaq. Müqavilənin dəyəri 100 milyon avro təşkil edir, bura həmçinin döyüş sursatı və trenajorların alınması da daxildir.

Qeyd edək ki, müqavilənin icra şərtləri də hazırda məlum deyil. Müqavilə Rumıniya Ordusunun 2040-cı ilə qədər hesablanan yenidən silahlanması proqramının bir hissəsidir. Rumıniya Müdafiə Nazirliyinin ölkə parlamentinə müraciətində bildirilir ki, bu satınalma sözügedən proqram çərçivəsində birinci mərhələdir.

Satınalma istehsalçı ilə birbaşa müqavilə əsasında deyil, hökumətlərarası G2G (Government to Government – Hökumətdən Hökumətə) razılaşma yolu ilə həyata keçirilir.

Xatırladaq ki, cari ilin mart ayının əvvəlində məlum olub ki, Rumıniya Müdafiə Nazirliyi ABŞ-ın M1 “Abrams” əsas döyüş tanklarını almağı planlaşdırır. Söhbət, NATO üzvü olan ölkələrin ordularının hazırkı struktur təşkilatına görə, 54 tankdan ibarət tank taborundan gedirdi.

Hazırda “Abrams” tankının üç əsas versiyası mövcuddur: M1, M1A1 və M1A2. Onlar bir-birindən təkmilləşdirilmiş silahlar, müdafiə sistemləri və elektronika ilə fərqlənirlər.

M1 “Abrams” tankları daim yenilənir. Əsasən zirehi gücləndirilir və yeni rəqəmsal sistemlər əlavə edilir. A2 versiyası köhnə A1 versiyasından daha mürəkkəb optika və idarəetmə elementləri ilə fərqlənir.

Ümumiyyətlə, A2 tankı A1-ə bənzəyir, lakin təkmilləşdirilmiş tuşlama optikası ilə yenidən işlənmiş komandirin döyüş moduluna, eləcə də komandirə istənilən hava və döyüş şəraitində hədəfləri müstəqil şəkildə skan etməyə imkan verən müstəqil termal nişangaha malikdir. Tankda həmçinin iki müstəvidə stabilləşən və göz üçün təhlükəsiz məsafəölçənli yeni tuşlayıcı nişangahı, 6 əvəzinə 8 periskoplu yeni komandir qülləsi, sürücü-mexanik üçün termal müşahidə cihazı və IVIS döyüş məlumat və idarəetmə sistemi quraşdırılıb. Qüllə, ön hissələrin ölçüsünü artırma və onları 2-ci nəsil uran zirehləri ilə doldurmaqla gücləndirilmiş zirehə sahibdir.

İdarəetmə mexanizmləri rəqəmsallaşdırılıb, nəqliyyat vasitələrinin davamlı və avtomatik məlumat mübadiləsinə imkan verən yeni informasiya sistemi quraşdırılıb.

Yeni texnologiyadan istifadə edərək komandirlər dost texnikasının yerini tez bir zamanda izləyə, düşmən mövqelərini müəyyənləşdirə və artilleriya sorğularını emal edə bilərlər.

Tankın əsas silahı 120 mm-lik M256 tank topudur. Onun döyüş dəsti 42 atəş yığımından ibarətdir. Köməkçi silah olaraq 1 ədəd 12,7×99 mm-lik M2HB pulemyotu və 2 ədəd 7,62×51 mm-lik M240 pulemyotu nəzərdə tutulub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS