QuruXəbərlər

Rumıniyada istehsal olunan ilk COBRA II zirehli maşınları Orduya təhvil verilib

Rumıniyada istehsal olunan ilk COBRA II yüngül taktiki zirehli maşınları bu ölkənin Milli Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu tədarük həm Rumıniya Ordusunun müasir texnika ilə təchizatı, həm də ölkənin müdafiə sənayesinin və texnoloji bazasının inkişafı baxımından mühüm mərhələ hesab olunur.

Rumıniya Ordusu üçün 1059 ədəd COBRA II yüngül taktiki zirehli nəqliyyat vasitəsinin tədarükünə dair Türkiyənin “Otokar” şirkəti ilə çoxtərəfli müqavilə 27 noyabr 2024-cü ildə imzalanıb. Təxminən 4,263 milyard Rumıniya leyi (852 milyon avro) dəyərində olan müqavilə doqquz müxtəlif konfiqurasiyada COBRA II zirehli maşınlarının tədarükünü nəzərdə tutur.

2026-cı il mayın 14-dək ümumilikdə 276 ədəd COBRA II Rumıniya Milli Müdafiə Nazirliyi tərəfindən qəbul edilib. Bu maşınlar 20 dekabr 2025-ci il – 10 mart 2026-cı il tarixləri arasında sifarişçiyə təhvil verilib.

COBRA II zirehli maşınlarının Rumıniyanın Mediaş şəhərində seriyalı istehsalına 2026-cı ildə başlanılıb. Yerli istehsal edilən ilk 12 ədəd maşın isə cari ilin iyul ayında Rumıniya Ordusuna təhvil verilib.

2026-cı il ərzində Mediaş şəhərində ümumilikdə 216 ədəd COBRA II zirehli maşınının istehsal edilməsi və Orduya təhvil verilməsi planlaşdırılır. Bunların arasında dörd yeni konfiqurasiyada hazırlanan variantlar da yer alır. Müqavilənin icrası başa çatana qədər sifariş edilmiş 1059 COBRA II zirehli maşınından 780-dən çoxunun Rumıniyada istehsal edilməsi nəzərdə tutulur.

Həmçinin bax: “Otokar” Rumıniyada “Automecanica SA” şirkətinin alınması prosesini tamamladı

Back to top button