Rusiya “Armata” tankını hazırlayır
“Uralvaqonzavod” Rusiya Silahlı Qüvvələri üçün yeni döyüş tankının prototipinin hazırlanmasına başlayıb. “AzeriDefence”nin məlumatına görə, “Armata” adlanacaq tankın ilk nümunəsinin 2013-cü ildə təqdimatı nəzərdə tutulub. Tankın kütləvi istehsalına isə 2015-ci ildə start veriləcək.
Bundan sonra isə Rusiya Müdafiə Nazirliyi silahlı qüvvələrdəki bütün zirehli texnikaların müasirləşdirilməsi prosesinə başlayacaq.
“Uralvaqonzavod”un direktoru Oleq Sienkonun sözlərinə görə, hazırda yeni zirehli texnikanın detalları üzərində iş aparılır.
Qeyd edək ki, Rusiya hərbi sənayesinin son tank texnikası olan T-90 elə bu ölkənin silahlı qüvvələrinin yüksək rütbəli hərbçiləri tərəfindən kəskin tənqid olunmaqdadır. Hətta bu texnikanı Rusiyanın Quru Qoşunlarının komandanı və Baş Qərargah rəisi belə tənqid edib.