
Rusiya Ordusu BMPT “Terminator” atəş dəstəyi maşınlarını silahlanmaya qəbul edib.
“Azeridefence”nin məlumatına görə, bu barədə “Uralvaqonzavod” Dövlət Şirkəti xəbər yayıb.
Bundan əvvəl, 2018-ci ilin martında həyata keçiriləcəyi bildirilən tədarük paketinə 11 ədəd BMPT atəş dəstəyi maşınları daxil idi. Əvvəlki tədarükdən fərqli olaraq, yeni BMPT “Terminator” T-72A şassisi üzərində deyil, T-90A şassisi üzərinə inteqrasiya olunub.
Zirehli atəş dəstəyi transportyorunun tədarükünə dair saziş 2017-ci ildə “Army-2017” sərgisində imzalanıb. Zirehli maşınlar 2 ədəd 30 mm 2A42 avtomatik top, 1 ədəd 7.62 mm pulemyot və “Ataka-T” tank əleyhinə idarəolunan raket sistemi ile dəstləşdirilib.



