
Rusiya MiQ-35 təyyarəsinin ixracına hazırlaşır
Rusiya adı açıqlamayan ölkəyə MiQ-35 döyüş təyyarəsinin ixracına hazırlaşır.
“Azeri Defence”nin məlumatına görə bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev yerli KİV-ə müsahibəsində bildirib.
O, sifarişçi ölkənin adını açıqlamayıb.
MiQ-35 döyüş təyyarəsinin potensial müştəriləri arasında Azərbaycanın da adı hallanır.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət mart ayında Rusiyanın aviasiya müəssisələrinə səfər edib.
Səfər çərçivəsində Azərbaycanın hərbi pilotları Rusiyanın hərbi aviabazalarında MiQ-35 döyüş təyyarəsində praktiki uçuşlar həyata keçiriblər.
Bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov yerli telekanallardan birinə müsahibəsində bildirib ki, hazırda Rusiyada Azərbaycan pilotları müasir döyüş təyyarələrində uçuşlar həyata keçirir və təlim kurslarında iştirak edirlər.