Rusiya T-90S-in dünya bazarında tanınmasına nail olmağa çalışır
Rusiya T-90S tanklarının modernləşdirilmiş variantını Asiya və Afrikada tanınmasına nail olmaqla, dünya silah bazarına öz yerini möhkəmləndirməyə çalışır.
“AzeriDefence”nin məlumatına görə, T-90S-in yenilənmiş variantı ilk dəfə Hindistanda keçirilən Defexpo-2012 hərbi sərgisində nümayiş olunub.
Məlumatda qeyd olunub ki, T-90-nın çəkisi 46,5 ton, sürəti saatda 60 km-dir. Tank 125 mm-lik yivsiz lülə ilə təchiz olunub. Zirehin qalınlığı isə 800-830 mm-dir. Hindistanda nümayiş olunan T-90S-ə daha güclü mühərrik və atəşin idarə olunması sistemi quraşdırılıb.
Hərbi-texniki məsələlər üzrə Federal Xidmətin direktor müavini Vyaçeslav Dzirkaln isə tankın müasir tələblərə cavab verdiyini və bu səbəbdən də region ölkələri arasında texnikaya marağın çox olduğunu söyləyib.
Tankın istehsal edən “Uralvaqonzavod” Elm İstehsalat Konserndən verilən məlumat da isə bildirilib ki, artıq bir neçə ölkə ilə tankın satışına dair razılıq əldə olunub. Alıcılardan biri isə Əlcəzairdir.
Hazırda T-90S-lər Hindistanda, Əlcəzairdə, Türkmənistanda və Uqanda da silahlanmaya daxil edilib. 2011-ci ildə Azərbaycan da bu tankların alınmasına dair müqavilə bağlayıb.