Rusiyada raketlər və mərmilər üçün kombinələşmiş döyüş başlığı inkişaf etdirilib

Rusiyada raketlər və mərmilər üçün kombinələşmiş döyüş başlığı inkişaf etdirilib

Rusiya Müdafiə Nazirliyinin P.S.Naximov adına Qara Dəniz Ali Hərbi Dəniz Məktəbi dayanacaqlarda olan təyyarə və helikopterləri, həmçinin zenit və operativ-taktiki raket komplekslərini məhv etmək üçün döyüş sursatının yeni kombinələşmiş – dağıdıcı, yandırıcı və elektromaqnit döyüş başlığının patentini alıb.

Bu barədə “Poliqon” Federal Sənaye Mülkiyyəti İnstitutunun (Rospatent-ə daxildir) saytına istinadən xəbər verib.

Federal Sənaye Mülkiyyəti İnstitutu qeyd edib ki, ixtira düşmən texnikasına kombinələşmiş təsir hesabına mərmi və raketlərin döyüş imkanlarını genişləndirir.

“Faydalı model silah sahəsinə, xüsusən dağıdıcı-yandırıcı-elektromaqnit təsirinin fiziki cəhətdən birnövlü məhvedici faktorları olan məhvetmə vasitələrinə aiddir, silah və hərbi texnikanı (dayanacaqlardakı təyyarə və helikopterlərj, zenit-raket kompleksləri, operativ-taktiki raket kompleksləri və s.) radioelektron vasitələrin elementləri və yanan materiallarla məhv etmək üçün təyin edilib”, – deyə ixtiranın təsvirində bildirilib.

Sənədə əsasən, döyüş başlığı qəlpələnmə köynəyi kimi çıxış edən metal gövdədən və düşmənin radioelektron avadanlıqlarını sıradan çıxaran partlayıcı-maqnit kumulyativ generatordan ibarətdir. Həmçinin, gövdəyə bitişik partlayıcı təbəqə qatında yandırıcı elementlər yerləşdirilir.

Partlayış zamanı sonuncular qəlpəli-fuqas sahəsinin fəaliyyət zonasında paylanır və yanan maye ilə təmasda olduqda onu alovlandırır. Bunun “ayrı yanğın özəklərinin yaranmasına və nəticədə bütövlükdə bütün hədəfin məhv edilməsinə gətirib çıxardığı” vurğulanır.

İxtira, müəlliflərin fikrincə, düşmən texnikasına kombinələşmiş – qəlpəli-fuqas, yandırıcı və elektromaqnit təsir sayəsində mərmi və raketlərin döyüş imkanlarını genişləndirir.

“Bu faydalı model 100 və 130 mm çaplı artilleriya mərmiləri əsasında hazırlanmış məhvetmə vasitələrində, eləcə də idarə olunan və idarə olunmayan raketlərin döyüş başlıqları qismində tətbiq oluna bilər”, – deyə təsvirdə qeyd olunub.

Əhəd Vahidoğlu

CATEGORIES