Rusiyanın Qarabağda fəaliyyət göstərən “sülhməramlı” briqadası – ARAŞDIRMA

Rusiyanın Qarabağda fəaliyyət göstərən “sülhməramlı” briqadası – ARAŞDIRMA

Rusiyanın Qarabağda fəaliyyət göstərən 15-ci əlahiddə qvardiya motoatıcı (“sülhməramlı”) briqadası haqqında Rusiyanın açıq mənbələrindən əldə edilən məlumatlar əsasında araşdırmamızı təqdim edirik.

“Poliqon” xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Mərkəz Hərbi Dairəsinin 15-ci əlahiddə qvardiya motoatıcı (sülhməramlı) briqadası 1 fevral 2005-ci il tarixində Rusiya Müdafiə nazirinin 30 dekabr 2004-cü il tarixli D-037 nömrəli direktivi əsasında 589-cu əlahiddə qvardiya motoatıcı alayın (h/h №64322) bazasında formalaşdırılıb.

“Sülhməramlı” briqada 2005-ci ilin dekabrından 2008-ci ilin noyabrına qədər gürcü-abxaz münaqişəsi zonasında, o cümlədən Osetiya və Dnestryanı münaqişələrdə “sülhməramlı” tapşırıqları yerinə yetirib.

2014-cü ildə briqada Krımın Rusiya Federasiyasına ilhaqının ehtimal olunan iştirakçıları sırasında yer tutub.

Briqadanın şəxsi heyəti 2022-ci ilin 24 fevralından etibarən Ukraynadakı döyüş əməliyyatlarında iştirak edir.

Rusiya Prezidentinin 9 may 2022-ci il tarixli 278 nömrəli Fərmanı ilə 15-ci Əlahiddə Motoatıcı Aleksandriya Briqadası “şəxsi heyətin silahlı münaqişələrdə Vətəni və dövlət maraqlarını qorumaq üçün döyüş əməliyyatlarında göstərdiyi kütləvi qəhrəmanlıq və şücaətə, mətanət və mərdliyə görə “qvardiya” fəxri adı ilə təltif edilib”.

2022-ci ilin iyununda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı briqadanın 66%-nin sıradan çıxarıldığını bildirib: 800 nəfər həlak olub, 400 nəfər yaralanıb.

Qarabağda da fəaliyyət göstərən 15-ci əlahiddə qvardiya motoatıcı (sülhməramlı) briqadanın komandiri 2019-cu ildə polkovnik Konstantin Neçayev, 2021-ci ildən etibarən isə polkovnik-leytenant Maruşkin Andrey Sergeyeviçdir.

Birləşmənin bütün hərbi qulluqçuları müqavilə əsasında xidmət keçir. Müxtəlif mənbələrin məlumatına əsasən briqadada 2000 nəfərdən artıq hərbiçi xidmət edir.

Briqadanın silahlanmasında yüngül atıcı silahlar, 82 mm-lik 2B9 “Vasilyok” və 2B14-1 “Podnos” minaatanları, tanklar, BTR-82A zirehli transportyorları, “Tiqr” və “Tayfun” zirehli avtomobilləri, 9K33M3 “Osa-AKM” və 9K35 “Strela-10” ZRK, 2K22 “Tunquska” ZTRK, Mi-8AMTŞ-V və Mi-24 helikopterləri, RKB kəşfiyyat maşınları, “Strelets” kəşfiyyat, idarəetmə və rabitə kompleksləri, “Perunit-B” və “Qrot-N” QLONASS peyk naviqatorları, “Orlan-10” pilotsuz uçuş aparatları, “Leer-3” və “Taxion-3” REM vasitələri, “Azart” 6-cı nəsil radiostansiyalar, “Kovboy” fərdi müdafiə kostyumları vardır.

Tərkibi:

idarə heyəti;
3 (1-ci, 2-ci və 3-cü) motoatıcı tabor;
tank taboru;
zenit raket divizionu;
zenit raket-artilleriya divizionu;
kəşfiyyat taboru;
mühəndis-istehkam taboru;
idarəetmə (rabitə) taboru;
təmir-bərpa taboru;
maddi təminat taboru;
atıcı bölüyü (snayperlər);
radioaktiv, kimyəvi, bioloji müdafiə bölüyü;
PUA bölüyü;
REM bölüyü;
komendant bölüyü;
tibb bölüyü;
idarəetmə və artilleriya kəşfiyyatı batareyası (artlleriya rəisinin İAKB);
idarəetmə və radiolokasiya kəşfiyyatı taqımı (HHM rəisinin İRKT);
təlimatçılar taqımı;
trenajorlar taqımı;
poliqon;
orkestr.

Burada artilleriya rəisinin İAKB olması, briqadanın tərkibində artilleriya divizionunun olması ehtimalını artırır. Çünki 3 motoatıcı taborun 82 mm-lik minaatan batareyaları üçün idarəetmə və artilleriya kəşfiyyatı batareyası yox, taqımı olmalı idi.

Yarandığı gündən bu günə qədər yalnız 2005-2008-ci illərdə gürcü-abxaz münaqişəsi zonasında sülhyaratma tapşırıqlarını yerinə yetirib. Bu səbəbdən də sülhyaratma üzrə təcrübələri çox azdır.

Ştat strukturuna nəzər yetirdikdə məlum olur ki, briqada sülhməramlıdan daha çox döyüş motoatıcı birləşməsinə aiddir.

Əhəd Əzizov

Poliqon.az

 

CATEGORIES
TAGS