QuruXəbərlər

“Saab” Fransa Silahlı Qüvvələrinə “Giraffe 1X” radarları tədarük edəcək

“Saab” şirkətinin “Giraffe 1X” radarları Fransa Silahlı Qüvvələri üçün “Scania France” şirkətinin taktiki nəqliyyat vasitələrinə inteqrasiya ediləcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı “Saab”, “Scania France” və Fransanın Silahlandırma Baş İdarəsi (DGA) arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Fransa Silahlı Qüvvələrinə ümumilikdə 17 ədəd “Giraffe 1X” radarı təhvil veriləcək. Bu radarların biri sınaq və qiymətləndirmə məqsədilə istifadə olunacaq, 16 ədədi isə “Scania France” və onun SPAD (“Scania Public and Defense”) bölməsi tərəfindən hazırlanan “Scania V3P” taktiki nəqliyyat vasitələrinə inteqrasiya ediləcək.

Müqavilə həmçinin ehtiyat hissələri, təlim və texniki dəstək xidmətlərini də əhatə edir. Radarların tədarükünün 2026-2027-ci illərdə həyata keçirilməsi planlaşdırılır.

“Giraffe 1X” kompakt ölçülü və yüksək performanslı 3D radar sistemidir. Hazırda müxtəlif müştərilər tərəfindən sifariş edilən və istifadə olunan sistem hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə (C-UAS), bina və obyektlərin mühafizəsi, eləcə də müxtəlif növ gəmilərdə dəniz tətbiqləri üçün istifadə oluna bilir.

Back to top button