
ASELSAN şirkəti yeni hazırladığı insansız dəniz aparatlarını (İDA) ilk dəfə SAHA 2026 sərgisində nümayiş etdirib.
“Poliqon” xəbər verir ki, bunların arasında TUFAN kamikadze suüstü İDA-sı, KILIÇ 200 ve KILIÇ 10 kamikadze sualtı İDA-ları yer alıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol təqdimat zamanı çıxış edərək, yeni İDA-ların xidmətə hazır olduğunu bildirib: “Bu gün dənizçilik sahəsində mühüm layihələri həyata keçirən bir şirkətik. 50-dən çox sistemimiz müxtəlif platformalarda qəhrəman hərbi dənizçilərimiz üçün xidmətdədir. Qarşıdakı dövrdə də donanmamıza güc qatmağa davam edəcəyik. Müharibə sahəsinin dinamikası dəyişir və biz daha sərfəli, eyni zamanda çəkindirici sistemlərin ön planda olduğu bir mərhələyə keçirik.
Bu gün burada iki yeni məhsul ailəmizi təqdim edirik. Kamikadze sualtı aparat ailəmizi KILIÇ adlandırdıq. Bu, Türkiyənin ilk kamikadze avtonom sualtı aparatıdır. Son dərəcə sərfəli və çəkindirici sistem olaraq donanmamızın, dost və müttəfiqlərimizin inventarına daxil edilməsi üçün təqdim olunur. Xüsusilə qeyd etmək istəyirəm ki, tədqiqat-inkişaf prosesi davam edərkən, eyni zamanda seriyalı istehsal da planlaşdırılır”.
O vurğulayıb ki, TUFAN kamikadze suüstü İDA-sı isə ağır torpeda səviyyəsində döyüş başlığı daşıya, avtonom işləyə və peyk vasitəsilə idarə oluna bilir. ASELSAN 2027-ci ildə inventara daxil ediləcək suüstü İDA-nın tədqiqat-inkişaf və istehsal proseslərini paralel şəkildə aparır.
Dəniz hədəflərini aşkarlayıb məhv etmək məqsədilə hazırlanmış, birdəfəlik istifadə olunan və çox yüngül sinfə aid KILIÇ 10, aşağı görünürlük profilinə malik kompakt və hidrodinamik dizaynı ilə seçilən kamikadze tipli sualtı İDA kimi ön plana çıxır. Asimmetrik dəniz müharibəsi, eləcə də sualtı və suüstü əməliyyatlar üçün optimallaşdırılan KILIÇ 10 yüksək dəqiqlikli zərbə endirmə, sürü əməliyyat qabiliyyəti, kabel vasitəsilə idarəetmə və aşağı aşkarlanma kimi üstün xüsusiyyətləri ilə seçilir.
KILIÇ məhsul ailəsinə daxil olan KILIÇ 200 isə orta sinif kateqoriyasına aiddir və KILIÇ 10 kimi aşağı qiymət, yüksək mənzil və böyük partlayıcı yük imkanları ilə seçilir. Suüstü İDA-dan buraxıla bilən KILIÇ 200, inteqrasiya olunmuş döyüş başlığı ilə yüksək dəqiqlikli zərbə, sürü əməliyyat qabiliyyəti, həmçinin suüstü termal və infraqırmızı (IR) kamera ilə artırılmış əməliyyat məsafəsi kimi xüsusiyyətləri özündə birləşdirir.
Yüksək partlayıcı döyüş başlığı daşıyan TUFAN sürü şəklində fəaliyyət göstərə bilən, inkişaf etmiş situasiya məlumatlılığı və avtonom idarəetmə qabiliyyətlərinə malik kamikadze tipli suüstü İDA-dır. O, yalnız suüstü hədəflərin və platformaların deyil, həmçinin sahil zolağında yerləşən kritik obyektlərin zərərsizləşdirilməsində də istifadə oluna bilir.
Kəşfiyyat, müşahidə və informasiya toplama tapşırıqlarında həm tək, həm də sürü şəklində tətbiq oluna bilən TUFAN, asimmetrik hücum formaları və tapşırığa uyğun altqruplar yaradaraq müxtəlif missiyaları icra edir. İDA hərəkətli və sabit maneələrdən avtonom şəkildə yayınma qabiliyyətinə malikdir, eyni zamanda görüntüyə əsaslanan hədəf aşkarlama və zərbə endirmə imkanları təqdim edir.
İnkişaf etmiş situasiya məlumatlılığı və avtonom xüsusiyyətləri ilə yanaşı yüksək sürət və manevr qabiliyyətinə malik olan TUFAN “Mavi Vatan” konsepsiyasında zərbə gücü rolunu oynayacaq. Bundan əlavə, yüksək partlayıcı döyüş başlığı ilə təchiz olunan sistem sürü rejimində avtonom hərəkət və tapşırıq icrası həyata keçirə bilir, həmçinin görüntüyə əsaslanan hədəf müəyyənləşdirmə və məhvetmə qabiliyyətinə sahibdir.





