Sahil Mühafizəsinin xidməti əraziləri müasir radar, AİS və gecəgörmə kameraları ilə təchiz edilib
Dənizdə və sahildə nəzarətin gücləndirilməsi, həmçinin eyni istiqamətdə xidmət aparan bölmələrin vahid idarəetməyə cəmləşdirilməsi məqsədilə zəruri struktur dəyişikliklər edilib, dəniz sərhəd zastavaları və sahil bölmələri Sahil Mühafizəsinin tabeçiliyinə verilərək Regional sahil nəzarəti şöbə və bölmələr yaradılıb.
POLİQON jurnalına dənizdə Sahil Mühafizəsinin gəmiləri tərəfindən dövlət sərhədlərinin mühafiəzəsi üzrə vəzifələrin daha keyfiyyətlə təşkil edilməsindən danışan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov bildirib ki, gəmilərin taktiki-texniki göstəricilərini, fırtınalı hava şəraitində üzmə qabiliyyətini, muxtariyyətini, müxtəlif maddi-texniki təminat normaları ilə təchiz olunmasını və idarə etmənin daha səmərəli təşkil edilməsini nəzərə alaraq həyata keçirilmiş ştat dəyişiklərinə əsasən Sahil Mühafizəsinin sərhəd gəmilərinin təşkilatı olaraq 2-ci və 3-cü dərəcəli gəmilər divizionlarına cəmləşdirilib.
Kontr-admiral A.Qiyasov vurğulayıb ki, Azərbaycan Prezidentinin 11.09.2013-cü il tarixli 3130 №-li sərəncamına əsasən “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”nın müddəalarına müvafiq olaraq Xəzər dənizində texniki müşahidənin təşkilinin təkmilləşdirilməsi məqsədi ilə radar əhatəsində mövcud olan çatışmazlıqların (boşluqların) aradan qaldırılması və texniki müşahidə imkanlarının tələb olunan səviyyəyə çatdırılması üzmə vasitələrinin aşkarlanması, hərəkətlərin nəzarətdə saxlanılması məqsədi ilə son illərdə sahilboyu ərazidə əlverişli sahələrin seçməklə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti ərazisində müasir radar, Avtomatlaşdırılmış İnformasiya Sistemləri (AİS) və gecəgörmə kameraları təchiz edilmiş yeni texniki müşahidə məntəqələri inşa olunub.