SƏRHƏDXəbərlər

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib – VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, 16 iyun 2026-cı il tarixində DSX Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Samur” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğının təzahürüdür.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd edib ki, “Samur” sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi məhz “Xudat” Sərhəd Dəstəsinin yaradılmasının 34-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Bu əlamətdar hadisə sərhəd mühafizəsi sahəsində formalaşmış zəngin ənənələrə ehtiramın ifadəsi olmaqla yanaşı, müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir. Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Tədbir çərçivəsində xidməti-döyüş fəaliyyətində fərqlənmiş bir qrup hərbi qulluqçu təltif edilib, dövlət sərhədlərinin mühafizəsi işinə uzun illər ərzində verdikləri töhfələrə və sərhədçi ənənələrinin yaşadılmasındakı fəaliyyətlərinə görə veteran sərhədçilərə “Xudat” Sərhəd Dəstəsinin 34 illik şərəfli xidmət yolunu əks etdirən xatirə albomları təqdim edilib.

Tədbirin rəsmi hissəsindən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə yaxından tanış olub, xidməti mənzillərə baxış keçirib.

Sonda xatirə fotoşəkilləri çəkilib və şəxsi heyətlə birlikdə nahar edilib.

Back to top button