SDT Azərbaycan və Pakistanla müdafiə sənayesi sahəsindəki birliyi gücləndirmək istəyir

SDT Azərbaycan və Pakistanla müdafiə sənayesi sahəsindəki birliyi gücləndirmək istəyir

Türkiyənin SDT Kosmik və Müdafiə Texnologiyaları şirkəti istehsal etdiyi müdafiə təyinatlı həllərin ixrac coğrafiyasını genişləndirməyi hədəfləyib.

“Poliqon” xəbər verir ki, bunu Türkiyədə müdafiə sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən SDT şirkətinin baş direktoru Ömər Korkut POLİQON jurnalına müsahibəsində deyib.

“Dünyadakı mövcud vəziyyətə görə Türkiyədəki müdafiə sektoru çox vacib bir sektordur. Belə ki, bu sahədə sadəcə satış etmirik, biliklərimizi, mühüm dəyərlərimizi də bölüşürük. Bu səbəbdən fəaliyyətlərin dost, qardaş, müttəfiq ölkələrlə davam etdirilməsinə önəm veririk.

Bu mənada istər Pakistan, istər Azərbaycan, istərsə də Körfəz ölkələri olsun, hər cəhətdən bir-birimizi yaxın gördüyümüz ölkələrdəki qardaşlarımızla daha yaxın olmağı və müdafiə sənayesi sahəsindəki bu birliyi gücləndirməyi istəyirik. Prioritet bazarlarımız türkdilli respublikalar, o cümlədən “iki dövlət, bir millət” anlayışı ilə qardaş kimi gördüyümüz Azərbaycan, habelə hər zaman yanımızda olan, çətin anlarımızda bizi dəstəkləyən Pakistan, Asiyada Cənubi Koreya, Avropada İtaliyadır. Bu bölgədəki bazarlar bizim üçün ön plana çıxır”, –  SDT şirkətinin baş direktoru Ömər Korkut vurğulayıb.

Ömər Korkut Azərbaycan və Pakistan kimi qardaş ölkələrlə birlikdə işləməyə, texnologiya transferinə, qurulacaq birgə şirkətlərlə fəaliyyətini gücləndirməyə, tələb olarsa, bilik və bacarıqlarını Pakistan və Azərbaycanla paylaşmağa hər zaman açıq olduqlarını bildirib. Onun sözlərinə görə, SDT-nin bununla bağlı heç bir tərəddüdü yoxdur.

Qeyd edək ki, SDT-nin baş direktoru Ömər Korkut ilə müsahibənin tam versiyası POLİQON jurnalının yeni sayında yayımlanacaq.

MRS3053 — копия

Poliqon.az

CATEGORIES
TAGS