Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 11 il ötür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 11 il ötür

Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 11-ci ildönümü qeyd edilib.

“Poliqon” xəbər verir ki, əlamətdar gün münasibətilə SHXÇDX rəisi, general polkovnik Arzu Rəhimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Daha sonra qurumun yaradılmasının 11 illiyinə həsr olunan mərasim keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.

Xidmət rəisi vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri bu il 100 illiyini təntənə ilə qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb. Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində əldə edilmiş qələbənin ilk növbədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, düşünülmüş strategiyası, möhkəm iradəsi, apardığı qətiyyətli siyasi xəttin sayəsində və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldığı diqqətə çatdırılıb.

Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin icrasının mütəşəkkil qaydada təmin edildiyi ifadə olunub.

General-polkovnik Arzu Rəhimov hesabat dövründə ölkədə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin yaradıldığını və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görüldüyünü qeyd edib. Ötən 11 il ərzində vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin müvəffəqiyyətlə həyata keçirildiyi bildirilib.

Tədbirdə SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

3 22 2 4 2 5 3 6 2 7 3 8 3 9 10

Poliqon.az

CATEGORIES
TAGS