Seriyalı istehsal edilən ilk KF-21 qırıcısı son montaj mərhələsindədir

Seriyalı istehsal edilən ilk KF-21 qırıcısı son montaj mərhələsindədir

Cənubi Koreya Hərbi Hava Qüvvələri (HHQ) üçün seriyalı istehsal edilən ilk KF-21 “Boramae” qırıcısı son montaj mərhələsindədir.

“Poliqon” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramları Agentliyi (DAPA) məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda son montajda olan bu qırıcının HHQ-nin qəbul sınaqlarından keçdikdən sonra 2026-cı ilin ikinci yarısında Hərbi Hava Qüvvələrinin istismarına verilməsi planlaşdırılır.

“Stealth” (gizlilik) texnologiyası əsasında hazırlanan KF-21, 4.5-ci nəsil qırıcı hesab olunur. Ancaq istehsalçı şirkət olan “Korea Aerospace Industries” (KAI) zamanla döyüş təyyarəsini təkmilləşdirərək 5-ci nəsil seqmentinə tam şəkildə uyğunlaşdırmağı planlaşdırır. KAI tərəfindən istehsal ediləcək KF-21-lər hazırda Cənubi Koreya Hərbi Hava Qüvvələrində xidmət göstərən köhnəlmiş F-4 və F-5 döyüş təyyarələrini əvəz edəcək.

2028-ci ilə qədər Cənubi Koreya Hərbi Hava Qüvvələrinə 40 ədəd, 2028-ci ildən 2032-ci ilə qədər isə 80 ədəd (ümumilikdə 120 ədəd) KF-21 təhvil verilməlidir.

CATEGORIES