“Şimşək” qülləsinin testləri sentyabr ayınadək yekunlaşacaq

Azərbaycan MSN-in “Mobile Land Systems” (MLS) şirkəti ilə birgə hazırladığı “Şimşək” qülləsinin testləri sentyabr ayınadək yekunlaşacaq.
Bu barədə “AzeriDefence”yə MLS şirkətinin rəhbəri Ceyms Dey bildirib.
C.Deyin sözlərinə görə, qüllənin ilk versiyası üzərində böyük dəyişikliklər edilib. Dizayn xeyli kiçildilib.
“Qüllənin Azərbaycan Ordusunda maraq doğuracağı gözlənilir. Eyni zamanda xaricə ixracı da planlaşdırılır”, – deyə C.Dey qeyd edib.
Qüllə modulyar dizayna malikdir və üzərinə fərqli kalibrlərdə (14.5, 20, 23, 30 mm) silahlar qurmaq mümkündür.
“Şimşək” hazırda BTR-70 zirehli transportyorlarının orijinal qüllələrindən bir sıra üstünlükləri ilə fərqlənir. Qüllə 360 dərəcə fırlana və 90 dərəcə bucaq altında hava hədəflərinə atəş aça bilir. Qüllənin güllələrə qarşı qoruması STANAG 4569 level 2 səviyyəsinə cavab verir.
Qüllədə ikinci silah olaraq 7.62 mm PKT pulemyotu yer alır.
“Şimşək” layihəsinin davamı olaraq gəmi və katerlər, həmçinin hava platformaları üçün qüllələrin də yaradılması nəzərdə tutulur.




