SIPRI: Ötən il dünya ölkələrinin hərbi xərcləri 2.24 trilyon dollar təşkil edib

SIPRI: Ötən il dünya ölkələrinin hərbi xərcləri 2.24 trilyon dollar təşkil edib

2022-ci ildə beynəlxalq hərbi xərclər 3.7 faiz artaraq 2.24 trilyon ABŞ dolları səviyyəsinə çatıb.

“Poliqon” xəbər verir ki, bu Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) 2022-ci il üçün hazırladığı yeni reytinqində əks olunub.

Reytinqə əsasən, 2022-ci ildə ən çox hərbi xərcləmə edən ölkələr ABŞ, Çin və Rusiya olub. Bu isə dünya üzrə ümumi məbləğin 56 faizini təşkil edib.

Əvvəlki illərdə olduğu kimi 2022-ci ildə də ABŞ dünyanın ən çox hərbi xərcləmələrini edən ölkə olaraq qalır. ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollara çatıb ki, bu da qlobal hərbi xərclərin 39 faizini təşkil edir və dünya üzrə ikinci ən böyük xərcləməni həyata keçirən Çinin (292 milyard dollar) məbləğindən üç dəfə çoxdur.

Eyni zamanda üçüncü yerdə qərarlaşan Rusiyanın da hərbi xərcləri 2022-ci ildə təxminən 9.2 faiz artaraq 86.4 milyard dollara yüksəlib.

Hərbi xərcləmələr cəhətdən ilk beşliyi 81.4 milyard dollar ilə Hindistan dördüncü və 75 milyard dollar ilə Səudiyyə Ərəbistanı 5-ci sırada tamamlayır.

Ötən il başlayan Rusiya-Ukrayna müharibəsi və Şərqi Asiyadakı gərginlik dünya üzrə xərclərin daha çox artmasına səbəb olub.

2022-ci ildə Mərkəzi və Qərbi Avropa dövlətlərinin hərbi xərcləri 345 milyard dollar təşkil edib. Beləliklə bu dövlətlərin hərbi xərcləri soyuq müharibənin sona çatdığı 1989-cu ildən sonra ilk dəfə bu qədər rəqəmlərə çatıb. O, 2013-cü ildəkindən də 30 faiz çox olub.

Bu çərçivədə ən kəskin artımlardan bəziləri Finlandiyada (36 faiz), Litvada (27 faiz), İsveçdə (12 faiz) və Polşada (11 faiz) müşahidə olunub. Həmin rəqəmlərin əyani sübutunu adı çəkilən ölkələrin 2022-ci ildəki hərbi satınalmalarına baxaraqda görmək mümkündür.

Mərkəzi və Qərbi Avropada ən yüksək hərbi xərcləməyə sahib ölkə 68.5 milyard dollarla Böyük Britaniya olub. Böyük Britaniya bu məbləğin təxminən 2.5 milyard dollar həcmindəki hissəsini Ukraynaya hərbi yardım üçün sərf edib.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb. 640 faizlə bu, SIPRI hesabatlarında indiyə kimi ölkə üzrə hərbi xərclərin bir illik ən yüksək artımı olub.

Həmçinin, Asiya və Okeaniyada davam edən gərginlik bu bölgədə mövcud olan ölkələrin hərbi xərclərinin yüksəlməsinə səbəb olub. Həmin region ölkələrinin 2022-ci ildə ümumi hərbi xərcləri 575 milyard dollar təşkil edib. Bu, 2021-ci ildəkindən 2.7 faiz, 2013-cü ildəkindən isə 45 faiz çox olub.

Yaponiyanın hərbi xərcləri 2021-2022-ci illər arasında 5.9 faiz artaraq 46 milyard dollara çatıb. Bu isə 1960-cı ildən bəri Yaponiyanın hərbi xərclərinin ən yüksək səviyyəsidir.

Ötən il Türkiyənin hərbi xərcləri 2021-ci il ilə müqayisədə 26 faiz azalaraq 10.6 milyard dollara enib.

Poliqon.az

CATEGORIES
TAGS