STM Asiya-Sakit Okean regionunda yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir

STM Asiya-Sakit Okean regionunda yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir

Türkiyənin STM şirkəti Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən “Defence Service Asia 2024” sərgisində (DSA) hərbi dəniz platformalarını və taktiki mini pilotsuz uçuş aparatlarını (PUA) təqdim edir.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, Türkiyə, Ukrayna və Pakistan Hərbi Dəniz Qüvvələri üçün suüstü və sualtı platformalar inşa edən şirkət Malayziyada 5 fərqli dəniz layihəsini nümayiş etdirir.

Bildirilib ki, sərgidə nümayiş olunan dəniz platformalarının sırasına MİLGEM layihəsi ilə inşa edilən “Ada” sinifli korvet və “İstif” sinifli freqat, habelə STM500 sualtı qayığı, STM MPAC hücum kateri və CG-3100 sahil mühafizə gəmisi daxildir.

Bundan başqa, KARGU və BOYGA taktiki mini PUA-ları da STM şirkətinin stendində sərgilənən məhsullar arasında öz yerlərini alıb.

DSA 2024 sərgisi çərçivəsində açıqlama verən STM-in baş direktoru Özgür Güleryüz qeyd edib ki, şirkətin milli mühəndislik imkanları ilə inkişaf etdirdiyi hərbi dəniz platformaları, taktiki mini PUA-lar, kibertəhlükəsizlik və proqram təminatı layihələri beynəlxalq arenada diqqət çəkir.

“Biz 30-dan çox ölkədə biznesin inkişafı və ixrac ilə bağlı danışıqlar aparırıq. Ölkəmizi müdafiə etmək üçün çıxdığımız yolda bu gün mühəndislik təcrübələrimizi və texnologiyalarımızı dost və qardaş ölkələrə ötürür, ölkəmizin iqtisadiyyatına da töhfə verəcək ixrac uğurları əldə edirik. Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inkişaf etdirdiyimiz bənzərsiz döyüş gəmilərimiz Mavi Vətən və beynəlxalq sularda özünü müvəffəqiyyətlə sübut edərkən, Pakistan və Ukraynadakı dəniz layihələrimizə yeni ölkələr əlavə etməyi hədəfləyirik.

Malayziya DSA sərgisində də orijinal dizayn və müasir texnologiyalarla təchiz edilmiş hərbi gəmilərimizlə yerimizi almışıq. Dost və qardaş ölkə Malayziyanın dənizdəki bütün ehtiyaclarını müasir platformalarla qarşılaya biləcək təcrübəyə, mühəndisliyə və texnologiyaya sahibik. Milli gəmilərimizlə Asiya-Sakit Okean regionunda ixrac qapılarını açmağı və yeni əməkdaşlıqlara imza atmağı hədəfləyirik”, – deyə Özgür Güleryüz  vurğulayıb.

CATEGORIES
TAGS