STM direktoru: “Azərbaycan Silahlı Qüvvələri üçün sistemlər hazırlayıb birlikdə istehsal etmək istəyirik”

STM direktoru: “Azərbaycan Silahlı Qüvvələri üçün sistemlər hazırlayıb birlikdə istehsal etmək istəyirik”

STM həm yerli potensialı inkişaf etdirir, həm də mühəndislik dəstəyi verir

STM Azərbaycanda və ya Türkiyədə müəyyən sistem və hissələri birgə istehsal edə bilər

Türkiyə Silahlı Qüvvələrini, eləcə də dost və müttəfiq dövlətlərin donanmalarını müasir döyüş gəmiləri ilə təmin edən, onlara hərbi dəniz platformalarını, taktiki mini pilotsuz uçuş aparatlarını (PUA) və kiber təhlükəsizlik həllərini təqdim edən STM şirkəti dünya bazarında müasir texnoloji imkanları ilə tanınır.  STM-nin baş direktoru Özgür Güleryüz POLİQON jurnalına müsahibəsində rəhbərlik etdiyi şirkətin mövcud və prioritet layihələri, Azərbaycanla bağlı perspektiv planları barədə geniş məlumat verib.

– Özgür bəy, müsahibəmizə STM haqqında ümumi məlumatlarla başlamaq istərdik. STM şirkətini Azərbaycandan olan oxuculara necə tanıda bilərsiniz?

– Qısa olaraq desək, STM 1991-ci ildə qurulmuş bir şirkətdir. STM Türkiyənin milli təhlükəsizliyi üçün yüksək texnologiya tələb edən sahələrdə Türkiyə Müdafiə Sənayesi Başqanlığı və Türkiyə Silahlı Qüvvələrinə; layihələrin idarə edilməsi, sistem mühəndisliyi, texnologiya transferi, texniki və logistik dəstək, habelə məsləhət xidmətləri göstərmək üçün yaradılmışdır.

Bu gün STM bir çox fərqli sahədə mühüm layihələrə imza atmışdır. Baxsaq, STM-in fəaliyyət sahələri çox genişdir. Hərbi dəniz platformaları, kibertəhlükəsizlik və taktiki mini PUA sistemləri bizim ən vacib sahələrimizdir. Bundan əlavə, STM komanda kontrol və ya peyk, kosmik sistemlər, RF sistemləri, simulyasiya sistemləri kimi bir çox fərqli sahədə fəaliyyət göstərən bir mühəndislik şirkətidir.

Təxminən 800-ə yaxın işçimiz var. Onların 75 faizi mühəndislərdir. Türkiyədə bu dərəcədə mühəndis işlədən başqa bir şirkət yoxdur. Hər zaman, xüsusilə tədqiqat və araşdırma fəaliyyətlərinə böyük əhəmiyyət veririk. Gələcək texnologiyalara da sərmayə qoyaraq mühüm layihələr həyata keçiririk. Bizim motivasiyamız həmişə: Qazandığımız bu gəlirlərlə də yeni texnologiyalara sərmayə qoymaqdır. Həm ölkəmiz, həm də azərbaycanlı qardaşlarımız, eləcə də dost və müttəfiq ölkələr üçün yeni texnologiyalar inkişaf etdirmək motivasiyamız var.

– Özgür bəy, qeyd etdiniz ki, STM bir çox fərqli sahədə mühüm layihələrə imza atmışdır. STM-nin hazırda önəm verdiyi layihələri və istiqamətləri hansılardır?

– STM-nin üç fəaliyyət sahəsi var. Bunların başında hərbi donanma yer alır. STM olaraq, Dəniz Layihələri çərçivəsində gəmi dizaynı, tikintisi və modernləşdirilməsi sahələrində yüksək texnologiya yönümlü mühəndislik həlləri təqdim edirik.

STM Türkiyədə milli gəmi layihələrində, o cümlədən MİLGEM proqramında çox mühüm rol oynayır. Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilən MİLGEM işləri nəticəsində STM əsas subpodratçı kimi mühüm rol oynamış və xüsusilə yerliləşdirmə və milliləşdirmədə böyük işlər görmüşdür. Türkiyənin ilk milli korvet layihəsi olan MİLGEM Ada Sinifinin ilk 4 gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilmiş və uğurla istifadə olunur.

Qarşıda daha qabaqcıl və daha böyük olan MİLGEM proqramının davamı olan 5-ci Gəmi İstif (İ) Sinif Freqat proqramı var. Türkiyənin ilk milli freqatı olacaq “TCG İstanbul” STM-nin əsas podratçılığı ilə irəliləyir və Cümhuriyyətin 100-cü ildönümü olan 2023-cü ildə Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olacaq.

Digər tərəfdən deyə bilərik ki, STM Türkiyədə sualtı gəmilərin modernləşdirilməsi və tikintisində ən səlahiyyətli şirkətdir. Donanmamızın inventarında AY sinifi (TİP-209) sualtı qayıqlarımız var. AY sinifi sualtı qayıqlarından ikisini STM modernləşdirdi və layihəni 2015-ci ildə tamamladı.

Hazırda “Preveze” sinifli sualtı qayıqlarımız modernləşdirilir. STM orada pilot tərəfdaş kimi çıxış edir. “Reis” sinfi, yəni Yeni Tip Sualtı Layihəsi (TİP-214) havadan müstəqil hərəkət sisteminə (AIP) malik sualtı qayıqlar olacaq. STM də bu layihədə dizayn yerləşdirmə və istehsal dəstəyi baxımından çox mühüm vəzifələrə malikdir. Məsələn, bu çərçivədə, dünyada yalnız bir neçə ölkənin edə bildiyi sualtı qayıqların torpedo hissəsi kimi xarakterizə edilən “Section50” bölməsini ilk dəfə olaraq yerli sənayemizin iştirakı ilə Türkiyədə istehsal etdik. Digər tərəfdən, tamamilə STM mühəndislərinin işi olan kiçik ölçülü STM500 sualtı qayıqımızın istehsalı üçün ilk addımları atırıq. Xüsusilə dayaz sularda təsirli olacaq STM500 sualtı qayıqımız daşıdığı müasir sistemlərlə yüksək ixrac potensialına sahib olacaq.

Türkiyənin ilk sualtı qayıq modernizasiya ixracatı olan, Pakistan Hərbi Dəniz Qüvvələri Komandanlığına aid AGOSTA 90B sinifli sualtı qayıqların modernləşdirilməsini də STM həyata keçirir. Pakistanın “Agosta 90B Khalid” sinifli sualtı qayıqlarının modernləşdirilməsində əsas podratçı olan STM ilk sualtı qayıqı təhvil vermiş və digər iki sualtı qayıqın da modernizasiya işləri davam edir.

Uğurla həyata keçirdiyimiz bu layihələrlə Pakistan Hərbi Dəniz Qüvvələrinin etibarını qazanan STM Türkiyənin Pakistan üçün istehsal edəcəyi 4 ədəd Ada Sinif Korvet Layihəsində əsas hərəkət sisteminin tədarükü və inteqrasiyası üçün mühəndislik qabiliyyəti ilə iştirak edir. Pakistan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş Türkiyənin ən böyük hərbi gəmiqayırma layihəsi olan Pakistan Dəniz Təchizat Gəmisi PNS MOAWIN-i də Pakistanın Kəraçi şəhərində inşa edərək 2018-ci ildə təhvil verdik. Hazırda pakistanlı qardaşlarımız tərəfindən fəal şəkildə istifadə olunur. Yenə orada çoxlu fəaliyyətlərimiz var.

STM olaraq, texnologiya transferini ehtiva edən əməkdaşlıq çərçivəsində Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2021-ci ildə korvet inşasına başladıq. Hal-hazırda korvet inkişaf layihəmiz davam edir. Bir çox fərqli ölkələrdə də gördüyümüz işlər var.

Bundan başqa, taktiki mini PUA sistemləri, xüsusilə son müharibələrdən sonra getdikcə daha çox əhəmiyyət qazanmağa başladı.

STM tərəfindən istehsal edilən portativ KARGU fırlanan qanadlı zərbə PUA Türkiyə silahlı qüvvələri tərəfindən 2018-ci ildən bəri daxili və sərhədyanı əməliyyatlarda effektiv şəkildə istifadə olunur. KARGU 2021-ci ildə ixrac uğuru əldə etmişdir. Dünya ordularının böyük diqqətini çəkən, Asiya ilə Cənubi Amerikada iki ölkəyə ixrac edilən KARGU üçün bir çox ölkələrlə danışıqlar aparırıq. Həmçinin KARGU-nun müxtəlif konfiqurasiyaları üzərində işləri davam etdiririk. KARGU-ya RF arayıcı başlıq və zireh dəlici sursat inteqrasiyası işlərimiz uğurla davam edir.

Portativ ALPAGU sabit qanadlı zərbə PUA sistemi, taktiki səviyyədə kəşfiyyat, müşahidə və görmə uzaqlığından kənar hədəflərin dəqiq məhv edilməsi məqsədilə dizayn edilmiş PUA sistemimizdir. Bu il ərzində Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə veriləcək. ALPAGU-nun həm partlayıcı, həm də ölçü olaraq daha böyük bir versiyası üzərində işləyirik.

Yenə də bu ailədən minaatan sursat buraxan mini BOYGA PUA-larımızı 2022-ci ilin iyun ayında sifarişçiyə təhvil verdik. Bundan əlavə, TOGAN taktiki səviyyəli kəşfiyyat, müşahidə və incələmə missiyalarında istifadə üçün nəzərdə tutulub, fırlanan qanadlı GÖZCÜ PUA-mız isə mühüm missiyaları yerinə yetirmək potensialına malikdir. Bu sahədə fərqli həllər və ehtiyacları inkişaf etdirilmiş məhsullarla istehsala davam edirik.

STM-nin əsas fəaliyyət istiqamətlərindən biri də kibertəhlükəsizlikdir. Türkiyə Silahlı Qüvvələrinə məxsus Kiber Müdafiə Mərkəzi STM tərəfindən yaradılmışdır. Yenə Türkiyə Əmniyyət Təşkilatı üçün kiber təhlükəsizlik sahəsində BİLGİN Layihəsini STM həyata keçirir. Biz deyirik ki, kibermüdafiə olmazsa, olmaz. İndiki vaxtda kibertəhlükəsizlik də ən azı bir o qədər vacibdir.

Gəmi Döyüş Effektivliyini Qiymətləndirmə Modeli kimi; komanda kontrol və simulyasiya sahəsində də bir çox layihələrimiz var. Fəaliyyətimizi müxtəlif sahələrdə inteqral olunmuş şəkildə davam etdiririk.

– Növbəti sualımız ixracla bağlıdır. Bu mövzuya qismən toxundunuz, biraz daha geniş, STM-nin ixrac coğrafiyası və inkişaf perspektivləri haqqında nələri deyə bilərsiniz?

– STM-in strateji planında hədəfimiz 2023-cü ildə dövriyyəmizin, yəni gəlirimizin 50%-ni ixracdan reallaşdırmaqdır. Əslində, 2021-ci ilə qədər buna nail olmuşuq. Türkiyənin müdafiə sənayesi müəyyən nöqtəyə gəlib çatmışdır, indi ölkəmizin müdafiə sənayesi ehtiyaclarını əhəmiyyətli dərəcədə ödəyə bilirik. Bununla belə, xüsusən iqtisadi baxımdan və ya özümüzü daha da inkişaf etdirmək üçün nəzərdən keçirdikdə, ixrac planını vacib şərt kimi görürük.

Dost və qardaş ölkələrin, müdafiə sənayesindəki qardaşlarımızın güclənməsinə dəstək olmaq bizim borcumuzdur. İstər dənizçilik, istər taktiki mini İHA sistemləri, istərsə də qərara dəstək sistemləri sahəsində, STM məhsullarını NATO-dan Cənubi Asiyaya, Pakistandan Ukraynaya qədər olan regionlara ixrac etmişik. Hazırda, 20-dən çox ölkə ilə biznesin inkişafı və danışıqlarımız davam edir.

Xüsusilə qeyd etmək istərdim ki, STM-in baxış bucağı digər müdafiə sənayesi şirkətlərindən bir qədər fərqlidir. Biz Türkiyənin ən böyük hərbi gəmiçilik şirkətiyik, amma tərsanəmiz yoxdur. Çünki deyim ki, Türkiyədə və dünyada bütün gəmiqayırma zavodları bizim sayılır. Yəni biz bütün tərsanələrdə lazımi mühəndis dəstəyi verməklə hərbi gəmilər inşa edə biləcəyimizi düşünürük və bunu dəfələrlə etmişik. Gəmiqayırma zavodlarının modernləşdirilməsinə ehtiyac ola bilir. Biz həm yerli potensialı inkişaf etdiririk, həm də mühəndislik dəstəyi veririk. Biraz bundan əvvəl qeyd etdiyim kimi, Pakistan Dəniz Təchizat Tankeri (PNFT) bizim rəhbərliyimiz ilə pakistanlı qardaşlarımızla birlikdə STM tərəfindən hazırlanmışdır. Onların materialları Türkiyədən və bir sıra başqa ölkələrdən Pakistana aparılmışdı. O, Pakistan gəmiqayırma zavodunda tikilmişdir.

Hər ölkənin ehtiyacları fərqlidir, coğrafiyası fərqlidir, şəraiti fərqlidir. Qüvvələrin sahib olduğu mövcud infrastruktur və sistemləri fərqlidir. Mühəndislik baxımından çatışmazlıqlar olarsa, bu ehtiyacların həllini çox tez təmin edirik. Biz “əlimizdə hazır dizaynlarımız var, onları sataq” demirik, “gəlin ixrac etmək istədiyimiz, fəaliyyət göstərdiyimiz ölkələrin, oturub ehtiyaclarını bərabər danışaq, siz ehtiyaclarınızı verin, həllinizi biz yaradaq” deyirik. Bu baxımdan da uğur qazanmışıq, gələcəkdə də çox uğurlu işlər görəcəyik.

– Azərbaycanla bağlı planlarınız nələrdir? Birbaşa satışlarla yanaşı, birgə istehsal haqqında fikirlərinizi bilmək istərdik…

– Müdafiə sənayesində rəylər çox vacibdir. İstifadəçi, sahədəki hərbçilərdən aldığımız rəylərə görə sistemlərimizi yeniləyirik və yeni trendlər qazandırmağa çalışırıq. Azərbaycan Silahlı Qüvvələri və ya Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını danışaq, onlar üçün həll yolları, sistemlər hazırlayıb birlikdə istehsal edək. Türkiyənin müdafiə sənayesi və STM olaraq sona qədər əməkdaşlığa açığıq. Düşünürük ki, dünyada heç bir müdafiə sənayesi şirkəti bu qədər açıq və dəstəkləyici deyil. Biz həmişə bunu deyirik: “Tək başımıza güclü olmağımız bir yerə qədərdir. Qardaşımızla nə qədər çox bir araya gəlsək, əl-ələ versək, daha çox güclü olma ehtimalımız artar”. Azərbaycandan öyrənəcəyimiz çox şey var. Azərbaycanın da bizdən öyrənəcəyi şeylər var. Bir yerə gəlirsək: müəyyən sistemləri və hissələri Azərbaycanda; müəyyən qisimləri Türkiyədə istehsal edə bilərik.

– Özgür bəy, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

– Sonda onu qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyədən danışarkən “bir millət, iki dövlət” deyirik. Həqiqətəndə, biz bir çox xarici ölkələrə səfər etmişik, amma Azərbaycana daxil olanda özümüzü ölkəmizdəki kimi hiss edirik. Prezidentlərimiz arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Xüsusilə son dövrdə iki ölkə arasında çox ciddi əməkdaşlıq əlaqələri qurulub. Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf edib. Ümid edirəm ki, bundan sonra daha çox birgə əməkdaşlıqda çalışacağıq.

– Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

– Biz təşəkkür edirik.

Zaur Babaşov
Poliqon jurnalı 

CATEGORIES
TAGS