TəlimXəbərlər

STM milli döyüş gəmiləri və PUA-ları ilə EFES-2026-da iştirak edir

STM şirkəti inkişaf etdirdiyi qabaqcıl texnologiyalarla Türkiyə Silahlı Qüvvələrinin ən böyük hərbi təlimi olan EFES-2026-da iştirak edir.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, İzmirin Seferihisar bölgəsində keçirilən və 45 ölkənin qatıldığı EFES-2026 təlimində şirkətin milli döyüş gəmiləri və pilotsuz sistemləri aktiv şəkildə tapşırıqları yerinə yetirir.

EFES-2026 çərçivəsində STM-in milli zərbə PUA-sı olan KARGU-lar avtonom sürü imkanları ilə sahədə fəaliyyət göstərir. Süni intellekt və görüntü emalı dəstəyi ilə fəaliyyət göstərən KARGU-lar sürü konsepsiyası çərçivəsində koordinasiyalı şəkildə tapşırıq icra edərək hədəfə eyni anda hücum təşkil edə bilir.

STM-nin əsas subpodratçı qismində iştirak etdiyi və Türkiyə Hərbi Dəniz Qüvvələrinə bu günədək dörd ədəd təhvil verilən MİLGEM “Ada” sinifli gəmilərin müxtəlif nümunələri təlimin döyüş atışlı mərhələsində tapşırıqları həyata keçirir. Sualtı qayıq inşası layihələri ilə yanaşı, şirkət tərəfindən milli və müasir sistemlərlə modernləşdirilərək xidmət müddəti uzadılan sualtı qayıqlar da təlimdə iştirak edir.

Təlim çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisində də STM-in milli mühəndislik imkanlarını əks etdirən dəniz və pilotsuz sistem həlləri yerli və xarici nümayəndə heyətlərinə təqdim olunur. STM-in əsas podratçısı olduğu Türkiyənin ilk milli freqatı TCG İSTANBUL (F-515), ölkənin ilk milli hücum kateri, logistika dəstək gəmisi və STM NETA 300 avtonom sualtı insansız dəniz aparatı şirkətin stendində nümayiş etdirilir.

Pilotsuz uçuş aparatları sahəsində isə SAHA-2026 sərgisində ilk dəfə təqdim olunan məhsullar EFES təlimində də sərgilənir. Sınaq uçuşları davam edən 1000+ km mənzilli KUZGUN kamikadze PUA-sı, düşmən kamikadze PUA-larını zərərsizləşdirmək üçün saatda 300 km sürətə çata bilən TUNGA-X “dron ovçusu”, TOGAN-Mini kəşfiyyat-müşahidə PUA-sı, “KarguFPV” kamikadze PUA-sı, TOGAN müşahidə PUA-sı və 4 fərqli qitədə 15 ölkə tərəfindən istifadə olunan KARGU zərbə PUA-sı nümayəndə heyətləri tərəfindən STM stendində yaxından incələnir.

STM-in baş direktoru Özgür Güleryüz EFES-2026 təlimi ilə bağlı açıqlamasında bildirib ki, EFES təlimi Türkiyə Silahlı Qüvvələrinin yüksək əməliyyat imkanlarının və müdafiə sənayesinin çatdığı texnoloji səviyyənin nümayiş etdirildiyi mühüm platformalardan biridir.

Onun sözlərinə görə, STM olaraq dəniz platformalarından pilotsuz sistemlərə qədər geniş sahədə inkişaf etdirdikləri milli həllərlə təhlükəsizlik qüvvələrinin yanında olmaqdan qürur duyurlar. Özgür Güleryüz xüsusilə avtonom sürü imkanlarına malik KARGU-ların EFES-2026-da sahədə istifadə edilməsinin əldə olunan texnoloji səviyyənin göstəricisi olduğunu vurğulayıb.

Baş direktor qeyd edib ki, Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfi istiqamətində döyüş şəraitində sınaqdan keçmiş, oyun dəyişdirən milli texnologiyalar hazırlamağa və təhlükəsizlik qüvvələrinin imkanlarını artırmağa davam edəcəklər.

 

Back to top button