SərgilərXəbərlər

STM “TEKNOFEST Mavi Vatan”da milli dəniz platformalarını nümayiş etdirəcək

Türkiyənin hərbi dənizçilik sahəsində aparıcı mühəndislik şirkəti olan STM, hazırladığı milli dəniz platformaları və innovativ mühəndislik həlləri ilə “TEKNOFEST Mavi Vatan” festivalında iştirak edəcək.

STM-dən “Poliqon”a verilən məlumata görə, Milli Texnologiya Həmləsi vizyonunu dənizlərlə birləşdirən “TEKNOFEST Mavi Vatan” 20-23 avqust tarixlərində “Gölcük” Tərsanə Komandanlığında keçiriləcək.

Tədbir çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) milli platformaları ziyarətçilərə təqdim ediləcək. STM-in baş podratçısı olduğu Türkiyənin ilk milli freqatı TCG İSTANBUL, layihələndirmə, inşa və sistem inteqrasiyasında mühüm rol oynadığı MİLGEM “Ada” sinifli korvet TCG BURGAZADA, o cümlədən HIZIRREİS və TCG SAKARYA sualtı qayıqları da xalqın ziyarətinə açılacaq.

STM stendində isə ziyarətçilər Türkiyənin milli hərbi gəmi və sualtı qayıq layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Stenddə STM-in baş podratçısı olduğu “İstif” sinifli freqatın, Türkiyənin xüsusi əməliyyatlar və hücum məqsədləri üçün ilk milli sualtı qayıq layihəsi olan STM500-ün, eləcə də Türkiyə, Portuqaliya və Pakistan üçün STM tərəfindən inşa edilən Logistika Dəstək Gəmilərinin maketləri nümayiş etdiriləcək. Ziyarətçilər, həmçinin STM mühəndisləri ilə görüşərək Türkiyənin hərbi dənizçilik sahəsində mühəndislik imkanları haqqında məlumat əldə edə biləcəklər.

Tədbirlə bağlı fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz, TEKNOFEST-in gənclərə yaratdığı imkanlara diqqət çəkib. O bildirib ki, TEKNOFEST gənclərin arzularını texnologiya ilə birləşdirən, Türkiyənin gələcəyini formalaşdıran milli görüş nöqtəsidir: “Biz də STM olaraq “Mavi Vətən”də ortaya qoyduğumuz mühəndislik təcrübəsini və hazırladığımız milli dəniz platformalarını gənclərimizlə bir araya gətirməkdən böyük qürur duyuruq”.

Onun sözlərinə görə, bu gün türk mühəndisləri tərəfindən hazırlanan döyüş gəmiləri və sualtı qayıqlar yalnız Türkiyə HDQ-nin gücünü artırmaqla kifayətlənmir, həm də dost və müttəfiq ölkələrin donanmalarında xidmət göstərərək Türkiyənin mühəndislik imkanlarını beynəlxalq arenada təmsil edir.

“İnanırıq ki, gənclərimiz bu uğur hekayələrindən ilhamlanaraq gələcəyin texnologiyalarını inkişaf etdirəcəklər. Türkiyənin dənizçilik vizyonunu yaxından kəşf etmələri üçün bütün vətəndaşlarımızı “TEKNOFEST Mavi Vatan”a və STM stendinə dəvət edirik”, – deyə Ö.Güleyüz vurğulayıb.

Back to top button