“Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun buraxılışı olub
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun “Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi buraxılış mərasimində Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli dinləyiciləri akademik kursu bitirmələri münasibətilə təbrik edib, kursun elmi mahiyyəti, ordu quruculuğu prosesində əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, tədris müddətində dinləyicilərə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, həmçinin xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılması, dövlət müdafiəsi və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzulardan mühazirələr oxunub, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçirilib.
Sonda məzunlara diplom və döş nişanları təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə xatirə lövhəsi vurulub.