Tank əleyhinə silahlar – Türkiyə şirkətlərinin layihələrinə baxış

Tank əleyhinə silahlar – Türkiyə şirkətlərinin layihələrinə baxış

Təəssüf hissi ilə bildirmək lazımdır ki, müharibələrin qarşısını alan da, onları yaşadan da silahlardır. Bundan irəli gələrək, hər bir ölkə üzərinə olacaq hücum təsirinin qarşısını almağın yolunu ilk növbədə ordusunun güclü müdafiə silahlarına sahib olmasında görür. Mövcud coğrafi vəziyyətindən asılı olaraq, Türkiyə bəlkə də ən çox çəkindirici təsir göstərən ölkələrdən biri olmalıdır. Hazırda Türkiyə tank əleyhinə sistemlər də daxil olmaqla, müxtəlif növ müdafiə silahları üzrə bir çox yaradıcı layihələr həyata keçirir.

Tank əleyhinə termini bilavasitə tank növünə aid olsa da, əslində bütün hərbi təyinatlı zirehli döyüş maşınları sinfinə adi texnikaları əhatə edir. Termin bu sinifə aid döyüş texnikalarını və nəqliyyat vasitələrini məhv etmək və ya sıradan çıxarmaq üçün istifadə olunan bütün silah növlərinə aid edilir.

Tank əleyhinə silahlar – düşmənin müxtəlif növ müdafiə qurğularında yerləşən tanklarını, zirehli və zirehsiz texnikalarını, həmçinin canlı qüvvəsini məhv etmək üçün təyin edilmiş silahlardır.

Müasir dövrdə tank əleyhinə silahlara iriçaplı snayper tüfənfləri (antimaterial tüfənflər), tank əleyhinə əl qumbaraatanları, tank əleyhinə dəzgahlı qumbaraatanlar (təpməsiz toplar) və toplar, tank əleyhinə raket kompleksləri aiddir.

Tank əleyhinə silahların üç müxtəlif məqsədi var:

  • “hərəkət ölümü”. Adından da məlum olduğu kimi “hərəkət ölümü” termini, zirehli texnika vasitəsinin asma hissələrinin hərəkətsiz qalmasını bildirir. Məsələn, tanklar tırtıl sistemlərinin zədələnməsi səbəbi ilə olduğu yerlərdə qalır və açıq hədəflərə çevrilir, lakin onun silahları hələ müəyyən bir məsafədə təsirli olur.
  • “atəş gücü ölümü”. Bu ifadə, əksinə, vasitənin hərəkətliliyinə baxmayaraq silah atəş sistemlərinin sıradan çıxarılmasına işarə edir. Hərəkət və ya atəş gücü texnika üçün kiçik “ölüm” olsa da, vasitə hələ də atəş edə bilər və ya döyüş bölgəsindən çıxa bilər.
  • “fəlakətli ölüm”. Adından da göründüyü kimi “fəlakətli ölüm”, tankın döyüş qabiliyyətini və hərəkətliliyini tamamilə itirməsi deməkdir. Bunun səbəbi isə yalnız tank heyətinin ölümü ilə ola bilər.

Günümüzün təkmilləşdirilmiş zirehli texnikalarına qarşı istifadə edilən ən əhəmiyyətli təhdid tank əleyhinə idarə olunan raket kompleksləridir (TƏİRK, ing. ATGW – Anti-Tank Guided Weapons). Kompleksin əsas məhvetmə vasitəsi isə tank əleyhinə idarə olunan raketdir (TƏİR, ing. anti-tank guided missile – ATGM). TƏİR zirehli texnikaların məhv edilməsi məqsədilə istehsal olunan idarə olunan raket sinifinə aid silahdır. Bu raketlərin və ya silahların əsas vəzifəsi ağır zirehli tankları və ya zirehli döyüş maşınlarını vuraraq məhv etməkdir.

TƏİR, asan və çoxməqsədli tətbiqi, “hava-yer” və “yer-yer” sinif raketlərlə müqayisədə çox aşağı qiymətə, təsirli döyüş başlıqlarına, tankları və yüngül zirehli texnikaları sıradan çıxarmaq qabiliyyətinə görə döyüş meydanının əvəzolunmaz silahları arasındadır. Lazer/yarıaktiv lazer və ya infraqırmızı (IIR) tuşlamalı idarəetmə sistemi olan müasir tank əleyhinə raketlər, üç sinifə bölünürlər: çiyindən atmaq üçün nəzərdə tutulmuş TƏİR, yerdən/platformadan (zirehli texnika, avtomobil, helikopter, hücum qayığı və s.) atılan TƏİR və tankdan atılan TƏİR.

Türk Silahlı Qüvvələrində, uzun illərdir idxal olunan MILAN (Almaniya/Fransa), ERYX (Fransa/Kanada), BGM-71 TOW (ABŞ), 9K135 “Kornet-E” (Rusiya) və 9K111-1 “Konkurs” (SSRİ) TƏİRK-dən istifadə edilir. Bununla yanaşı, Türkiyənin müdafiə sənayesində başladılan yerli və milli inkişaf fəaliyyətləri daxilində, bir çox sahədə olduğu kimi bu sahədə də yerli tank əleyhinə raket yaradılması üçün işlər yerinə yetirilir. Son illərdə Türkiyə müdafiə sənayesinə daxil olan bir çox şirkətlər, o cümlədən “Roketsan” və “Aselsan” şirkətləri müxtəlif növ, həmçinin fərqli şassili/bazalı TƏİRK və TƏİR yaratmışlar.

“Roketsan” şirkətinin məhsulları

Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin (türk. Savunma Sanayii İcra Kurulu) 2003-cü il tarixli qərarı ilə, Uzun mənzilli tank əleyhinə raket (UMTAS) və Orta mənzilli tank əleyhinə raket (OMTAS), habelə 2010-cu ildə qəbul edilmiş qərarla tək əsgər tərəfindən istifadə olunan “KARAOK” tank əleyhinə raket kompleksi yaradılmışdır. Layihələrə “Roketsan” şirkətinin əsas podratçı olaraq başladılmasına qərar verilmişdi. Sadalananlara əlavə olaraq, “Roketsan” daxilində CİRİT 2.75”, L-UMTAS və TANOK layihələrinə də başlanılmışdır.

Lazerlə idarə olunan CİRİT 2.75” raketi, hücum helikopterlərindən yüngül zirehli və zirehsiz, sabit və hərəkətli hədəflərə qarşı istifadə olunan yüksək dəqiqlikli və qənaətli bir həlldir.

Yeni nəsil lazerlə idarə olunan CİRİT 2.75” raketi, idarə olunmayan 2.75” raketləri ilə idarə olunan tank əleyhinə raketlər arasındakı taktiki boşluğu doldurmaq üçün layihələndirilmişdir. Yüklənməni asanlaşdıran izolyasiya edilmiş boruda yerləşən və lazerlə idarə olunan CİRİT 2.75” raketi “Roketsan” tərəfindən hazırlanmış ağıllı (smart) buraxıcıdan atıla bilir. Ağıllı buraxıcı, hərbi MIL-A-8591, MIL-STD-1553 və MIL-STD-1760 standartlı interfeyslərlə uyğundur və CİRİT 2.75” lazerlə idarə olunan raketin effektivliyini kifayət qədər artırır.

Lazerlə idarə olunan CİRİT 2.75” raketi universal quruluşu sayəsində fərqli platformalara asan inteqrasiyanı və istifadəni təmin edir. “Hava-yer” atış imkanlarını “yer-yer” atışında da sübut etmişdir. Hədəfin ən həssas üsulla tutulmasını təmin etməkdən ötrü platforma və hədəf məlumatları, atəş etmədən əvvəl ağıllı interfeys atıcısı sayəsində raket kompüterinə yüklənir. Ağıllı buraxıcı platforma mövqeyini, vəziyyətini, ətraf mühit şərtlərini, hədəf koordinatlarını və hədəf mövqeyi məlumatlarını MIL-STD-1760 interfeysi üzərindən ötürür.

CİRİT 2.75” lazer idarə olunan raket helikopterlərə, sərhəd təhlükəsizliyin təmin edilməsində istifadə edilən sabit qanadlı hücum təyyarələrinə və pilotsuz uçuş aparatlarının platformalarına, taktiki quru nəqliyyat vasitələrinə, baza və bölgə qoruma tapşırıqlarının sabit və yedəkli quru platformalarına, eləcə də yüksək sürətli patrul qayığı kimi dəniz platformalarına inteqrasiya edilə bilər. Hədəfin lazer işarələnməsi atış platformasından və ya başqa bir mənbədən yerinə yetirilə bilər.

Çapı 2.75” (70 mm) olan CİRİT 2.75” raketinin uzunluğu 1900 mm, kütləsi 15 kq (izolyasiya olunmuş boru xaric) təşkil edir. MEMS-İMU (micro-electromechanical system inertial measurement unit – mikro elektro-mexanik sistemli inersial ölçü bloku) ilə orta mərhələ idarəetməli yariaktiv lazer tuşlama başlıqlı terminal idarəetməli CİRİT 2.75” raketinin atış məsafəsi 1500 – 8000 metrdir. Raket çoxməqsədli, zirehdələn, qəlpəli, yandırıcı, fuqas döyüş başlıqları ilə dəstləşdirilə bilir. Raket az tüstülü qatı kompozit yanacaqlı mühərriklə təchiz olunub. Yüngül zirehli/zirehsiz texnikalar, o cümlədən silahlı birliklərə qarşı tədbiq edilməsi nəzərdə tutulub.

120 mm-lik lazer tuşlamalı “TANOK” raketi, tanklarda və digər lüləli silahlarda istifadə olunan ənənəvi artilleriya sursatlarına yenilikçi bir alternativ olaraq, döyüş meydanındakı yüksək məhsuldarlığı, dəqiqliyi və qənaətcilliyi təmin etməkdən ötrü hazırlanmışdır.

Raket, öz quruluşu ilə Silahlı Qüvvələrin lazerlə idarə olunan tank əleyhinə artilleriya sursatına olan ehtiyacını ödəməklə yanaşı, aşağı çəkisi və istifadəçiyə zərər verməyən start mühərriki sayəsində həm daşınan, həm də yerüstü nəqliyyat vasitələrindən atıla bilər.

“Altay” əsas döyüş tankının hazırlanmaqda olan “T2” variantının lazerlə idarə olunan top sursatı ilə atəş açma qabiliyyəti olacağını nəzərə alınarsa, o zaman “TANOK” raketinin “Altay-T2” tankının əsas sursatları arasında yer alması qaçılmazdır. Bu çərçivədə “Altay-T2” tankı, “TANOK” raketi sayəsində 6 kilometrə qədər vurma qabiliyyətinə sahib olacaqdır.

Sistemin xüsusiyyətləri tankda hər hansı əlavə quraşdırma tələbi olmadan rahat atışın yerinə yetirilməsindən, yarıaktiv lazer idarəetmə ilə hərəkətli və sabit hədəflərə qarşı yüksək vuruş imkanından, yandan və üstdən dəymə rejimlərinin mövcudluğundan, zirehdələn tandem döyüş başlığı ilə bütün zirehli təhdidlərə və uzunmüddətli atəş nöqtələrinə (UMAN) qarşı effektiv olmasından ibarətdir. “TANOK” raketinin çapı 120 mm, uzunluğu 984 mm, kütləsi 11 kq, atış məsafəsi 1000 – 6000 metr təşkil edir. Raket yarıaktiv lazer tuşlama başlığı və zirehdələn tandem döyüş başlığı ilə təchiz edilib. “TANOK” raketi tanklar və digər zirehli/zirehsiz döyüş texnikalarına qarşı tədbiq edilir.

Bir əsgər tərəfindən istifadə edilən, “atdın-unutdun” prinsipi ilə işləyən “KARAOK” (“Qara ox”) tank əleyhinə raket kompleksi üzərindəki infraqırmızı tuşlama başlığı sayəsində gecə-gündüz işləyə bilən daşınan raket sistemidir. Kompleks 125 mm-lik bir TƏİR olmaqla, orijinal və yeni nəsil quruluşu ilə seçilməklə, milli olaraq inkişaf etdirilmişdir, üstün taktiki və texniki xüsusiyyətlərə malikdir. Kompleksdən desant-hücum, hava-desant və desant əməliyyatlarında yaxın məsafələrdə təhdidlərin dayandırılması, ləngidilməsi, istiqamətləndirilməsi və məhv edilməsi üçün istifadə olunur. Yeni kompleksin seriyalı istehsalının başlanması sayəsində çiyindən atılan tank əleyhinə raket sistemləri üzrə ixracdan asılılıq artıq sona çatmaq üzrədir.

“KARAOK” kompleksinin əsas xüsusiyyətlərinə sabit və hərəkətli hədəflərə qarşı istifadəni, infraqırmızı özütuşlama başlığının mövcudluğunu, atışdan əvvəl və sonra hədəfə kilidlənmə imkanını, “atdın-unutdun” prinsipi ilə işləməsini, düzünə və üstdən vuruş rejiminin olmasını, gecə-gündüz və istənilən hava şəraitində tapşırıqları yerinə yetirə bilməsini, ikipilləli mühərrikini, bir dəfə istifadə olunan buraxma qurğusunu və bir nəfər tərəfindən istifadə edilməsini aid etmək olar. 125 mm çaplı “KARAOK” raketinin uzunluğu 1100 mm, kütləsi < 16 kq (raket + boru), atış məsafəsi 1000+ metr təşkil edir. Zirehdələn tandem döyüş başlığı ilə təchiz olunan “KARAOK” düzünə dəymə / üstdən dəymə rejimində işləyir.

UMTAS (Uzun menzilli tanksavar füze sistemi) uzun mənzilli tank əleyhinə sistem, ilk növbədə hücum helikopterlərində istifadə üçün hazırlanmış, dəqiqliklə idarə olunan tank əleyhinə raket sistemidir. Raket gecə-gündüz və hər cür hava şəraitində infraqırmızı özütuşlama başlığı sayəsində işləyə bilir.

UMTAS layihəsi, Türkiyə Silahlı Qüvvələrinin uzun mənzilli TƏİR ehtiyaclarını milli və yerli vasitələrlə qarşılamaq üçün başladılan bir layihədir.

Buraxma qurğusu və raket arasındakı radiodalğa məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat qabiliyyəti təmin edir. Raket, atəşdən əvvəl və ya sonra hədəfə kilidlənərək “atdın-unutdun” və ya hədəf/vuruş nöqtəsinin seçilməsinə imkan verən “at-yenilə” uçuş rejimlərinə malikdir. Dəqiq idarəetmə-nəzarət qabiliyyəti və zirehdələn tandem başlığı, UMTAS raketinin zirehli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir.

Sistemin xüsusiyyətləri gecə və gündüz və bütün hava şərtlərində tapşırıqları yerinə yetirmə imkanından, sabit və hərəkətli hədəflərə qarşı istifadə edilməsindən, hədəf yeniləmə qabiliyyətinin çevikliyindən (hədəfdəki hücum nöqtəsinin yenilənməsi, uçuş zamanı hədəflərin dəyişdirilməsi, yüksəklik arxasından asma atışın aparılması), koordinatlar üzrə atış imkanından, sinif və yerləşdirilmiş tip trenajorlarının mövcudluğundan, modul tipli buraxma sisteminin olmasından və ayrı-ayrılıqda istifadə edilə bilən TV/Termal kamera müşahidə blokunun olmasından ibarətdir.

UMTAS kompleksi T129 “ATAK” hücum helikopterində, Sikorsky S70-B “SEAHAWK” çoxməqsədli dəniz helikopterində, TUŞAS “HÜRKUŞ-C” yüngül hücum təyyarəsində, həmçinin MIL-STD-1760 və MIL-STD-1553 interfeys standartlarlı digər platformalara quraşdırıla bilir. Sabitləşdirilmiş silah sistemi ilə dəniz platformalarına inteqrasiya olunmuş UMTAS kompleksi, zirehli yerüstü nəqliyyat vasitələrinə və yedəkli/stasionar yerüstü platformalara da inteqrasiya edilə bilir. MIL-STD-1760 standartına uyğun gələn bir buraxma qurğusunda 4 ədəd UMTAS raketi yerləşir. Buraxma qurğusunun ağırlığı 60 kq-dır. 160 mm çaplı UMTAS raketinin uzunluğu 1800 mm, kütləsi 37,5 kq, atış məsafəsi 500 – 8000 metr təşkil edir. İnfraqırmızı özütuşlanan başlıq və radiodalğa ötürücü kanalı ilə hədəfə yönələn raket reaktiv zirehə qarşı tandem döyüş başlığı ilə dəstləşdirilib. Düzünə dəymə / üstdən dəymə rejimlərində çalışır.

UMTAS layihəsindən qazandığı təcrübələrə əsaslanaraq inkişaf etdirilən Lazerlə idarə olunan uzun mənzilli tank əleyhinə raket sistemi (L-UMTAS), atəşdən əvvəl və sonra hədəflərə havadan yerə kilidlənə bilən yarıaktiv lazerlə idarə olunan raket sistemidir. Raket, gecə-gündüz və istifadə olunan döyüş başlığından asılı olaraq zərbə helikopterlərindən və yerüstü texnikalardan atıla bilir. Əsas döyüş tankına, zirehli transportyora, yük maşınına, yüksək keçidlikli nəqliyyat vasitəsinə, yüngül UMAN-a, səngərə, binaya, aşağı hündürlükdə uçan helikopterlərə qarşı tətbiq edilə bilir.

Lazer idarəetməsi və zirehdələn tandem döyüş başlığı, L-UMTAS raketinin sabit və hərəkətli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir. L-UMTAS, sələfi olan UMTAS sisteminin texnoloji quruluşundan maksimum istifadə edilmək üçün modul şəklində konstruksiya edilmişdir. Bu çərçivədə raketin quruluşundakı tuşlayıcı və döyüş başlığı bölmələri modul şəklində saxlanılmış, digər hissələr isə UMTAS sistemindən alınmışdır.

L-UMTAS, sələfi üçün hazırlanmış tank əleyhinə döyüş başlığını istifadə etmək üçün layihələndirilmişdir. Bu döyüş başlığına əlavə olaraq, raket üçün yüksək dərəcədə partlayıcı hissəcik təsirli başqa (hazır öldürücü elementli) döyüş başlığı da yaradılmışdır. Bu şəkildə raket, ağır zirehli texnikalardan başqa, digər hədəflərə və canlı qüvvəyə qarşı əməliyyat səmərəliliyi əldə edilmişdir. Sistemin tapşırıqları gecə-gündüz yerinə yetirə bilmək, atışdan əvvəl və ya sonra hədəfə kilidlənmə, yüksəklik arxasından asma atışın aparılması, sabit və hərəkətli hədəflərə qarşı istifadə etmək imkanı kimi özəllikləri var.

L-UMTAS sistemi T129 “ATAK” hücum helikopterində, Sikorsky S70-B “SEAHAWK” çoxməqsədli dəniz helikopterində, TUŞAS “HÜRKUŞ-C” yüngül hücum təyyarəsində, həmçinin MIL-STD-1760 və MIL-STD-1553 interfeys standartlarlı digər platformalara quraşdırıla bilir. MIL-STD-1760 standartına uyğun gələn bir buraxma qurğusunda 4 ədəd L-UMTAS raketi yerləşir. Buraxma qurğusunun ağırlığı 60 kq-dır. 160 mm çaplı L-UMTAS raketinin uzunluğu 1800 mm, kütləsi 37,5 kq, atış məsafəsi 500 – 8000 metr təşkil edir. Lazer tuşlama başlığı ilə hədəfə yönələn raket reaktiv qoruyucu zirehə qarşı tandem və yüksək partlayıcı qəlpəli döyüş başlığı ilə təchiz edilib.

MAM-C (Mini Akıllı Mühimmat – MAM-C)MAM-L (Mini Akıllı Mühimmat – MAM-L) mini ağıllı sursatları, aşağı kütləsi və 1 metr civarında olan uzunluğu ilə, pilotsuz uçuş aparatları, yüngül hücum təyyarələri və kütlənin kritik olduğu “hava-yer” tipli tapşırıqların yerinə yetirilməsi üçün hazırlanmışdır. MAM-C sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş həssaslığına malikdir.

MAM-L adlanan döyüş sursatı, “Roketsan” şirkəti tərəfindən istehsal olunan və artıq seriyalı istehsal edilən UMTAS tank əleyhinə raketinin üzərində hazırlanan bir sursatdır. 160 mm çaplı MAM-L sursatının uzunluğu 1000 mm, kütləsi 22 kq, atış məsafəsi 8000-15000 metr təşkil edir. Yarıaktiv lazer tuşlama başlığına malik raket reaktiv zirehə qarşı tandem, yüksək partlayıcı qəlpəli və termobarik döyüş başlıqları ilə təchiz edilib.

MAM-C sursatı isə, “Roketsan” şirkəti tərəfindən istehsal olunan və artıq seriyalı istehsal edilən Cirit tank əleyhinə raketin üzərində layihələndirilərək hazırlanmış versiyasıdır. 2.75” (70 mm) çaplı MAM-C sursatının uzunluğu 970 mm, kütləsi 6,5 kq, atış məsafəsi 8000 metrdir. Yarıaktiv lazer tuşlama başlığı ilə hədəfə yönələn raket çoxməqsədli başlıq (qəlpəli, zirehdələn və yandırıcı) və yüksək partlayıcı qəlpəli döyüş başlığı ilə dəstləşdirilə bilir.

OMTAS (Orta menzilli tanksavar silah sistemi) orta mənzilli tank əleyhinə sistem, döyüş meydanındakı zirehli təhdidlərə qarşı təsirli olan orta mənzilli tank əleyhinə silah sistemidir. Raket, gecə-gündüz və hər cür hava şəraitində infraqırmızı özütuşlama başlığı sayəsində işləyə bilir. Orijinal və yeni nəsil quruluşu ilə seçilən milli olaraq hazırlanmış OMTAS kompleksi, əsasən tam ölçülü raketi, atəş platformasını, atəşi idarəetmə bloku-müşahidə blokunu, atəşi idarəetmə bloku-idarəetmə blokunu özündə birləşdirir. OMTAS kompleksi buraxma sistemindən (raket, atəş platforması, atəş idarəetmə blokları), nəqliyyat qutularından və təlim trenajorundan ibarətdir.

Buraxma qurğusu və raket arasındakı radiodalğa məlumat bağlantısı istifadəçiyə çevik əməliyyat qabiliyyətini təmin edir. Raket atəşdən əvvəl və ya sonra hədəfə kilidlənərək “atdın-unutdun” və ya hədəf/vuruş nöqtəsinin seçilməsinə imkan verən “at-yenilə” uçuş rejimlərinə malikdir. Dəqiq idarəetmə-nəzarət qabiliyyəti və zirehdələn tandem başlığı, OMTAS raketinin zirehli hədəflərə qarşı təsirli bir silah sistemi olmasını təmin edir.

Sistemin xüsusiyyətləri gecə və gündüz və bütün hava şərtlərində tapşırıqları yerinə yetirmə imkanından, sabit və hərəkətli hədəflərə qarşı istifadə edilməsindən, hədəf yeniləmə qabiliyyətinin çevikliyindən (hədəfdəki hücum nöqtəsinin yenilənməsi, uçuş zamanı hədəflərin dəyişdirilməsi, yüksəklik arxasından asma atışın aparılması), koordinatlar üzrə atış imkanından, sinif və yerləşdirilmiş tip trenajorlarının mövcudluğundan, modul tipli buraxma sisteminin olmasından və ayrı-ayrılıqda istifadə edilə bilən TV/Termal kamera müşahidə blokunun olmasından ibarətdir.

OMTAS kompleksi üçayaqlı dəzgahdan başqa, onu açıq və ya qapalı tipli qüllə kimi inteqrasiya edilərək müxtəlif növ yerüstü platformalarda da yerləşdirilərək tətbiq edilə bilir. 160 mm çaplı OMTAS raketinin uzunluğu 1800 mm, kütləsi 35 kq (raket və nəqletmə-buraxma borusu) – 36 kq (üçayaqlı buraxma sistemi) təşkil edir. Raketin atış məsafəsi 200 – 4000 metr, istifadə hündürlüyü 300 – 3000 metrdir. OMTAS reaktiv zirehə qarşı tandem; yüksək partlayıcı qəlpəli; termobarik döyüş başlıqları ilə dəstləşdirilir. TV / termal kamera nişanalma dəsti ilə təchiz olunan OMTAS kompleksi hədəfə düzünə dəymə / üstdən dəymə rejimlərində işləyir. Yüngül zirehli və zirehsiz texnikalar, silahlı birliklərə qarşı tətbiq edilən raket kompleksi ətraf mühitin -35OC…+60OC temperaturda istifadə edilə bilir.

“Aselsan” şirkətinin məhsulları

“Aselsan” şirkətinin “Serdar” tank əleyhinə raket sistemi yerüstü hədəflərə qarşı effektiv istifadə edilməkdən ötrü hazırlanıb. “Serdar” sistemi 7,62 mm PKM və 12,7 mm NSV pulemyotları, həmçinin 2 və ya 4 ədəd RK-2S “SKIF” (“Stuqna-P”), 9M133 “Kornet” və s. kimi tank əleyhinə idarə olunan raketlərlə təchiz edilmiş məsafədən idarə olunan sabitləşdirilmiş bir platformadır. Platforma, operatorun zirehli avtomobildə və ya uzaq bir yerdə olmasına imkan verərək, özündə yüksək dəqiqlikli kəşfiyyat, nişanalma və hədəfi izləmə imkanlarını effektiv atəş gücü ilə birləşdirir.

Sistem, sabit platformalarda istifadə edilməməsi şərti ilə, müxtəlif taktiki təkərli və tırtıllı yerüstü nəqliyyat vasitələrində iftifadə üçün. Stabilləşdirmə, avtomatik hədəf izləmə və qabaqcıl ballistik hesablama xüsusiyyətləri ilə hərəkətdə olarkən sabit və hərəkətli hədəflərə atəş etmək imkanı verir. Termal və gündüz televiziya kamerası, habelə lazer hədəfgöstərici sayəsində gecə-gündüz və hər cür hava şəraitində sistemin işləmə qabiliyyəti təmin edilir. Taktiki kompyüter nəzarətli atəşi idarəetmə sistemi və ballistik hesablayıcı, habelə sonuncu sursat xəbərdaredicisi ilə təchiz edilib. Əməliyyata və atışa qadağan olunmuş zonaları tanıma imkanı mövcuddur.

Sistem müştərinin tələbinə əsasən 2 və ya 4 ədəd raket daşımaq, eləcə də raketlərin yanında sistemə yaxın qorunma məqsədi ilə inteqrasiya olunmuş 7,62 mm-lik və / və ya 12,7 mm-lik pulemyot quraşdırılmaq üçün uyğunlaşdırıla bilir. Sistem yüngül, az həcmlidir və həm yeni istehsal olunan, həm də silahlanmada olan yüksək keçidlikli nəqliyyat vasitələrinə quraşdırılmaq imkanına sahibdir. Sistem operator paneli vasitəsilə idarə olunur və xarici sensorlarla inteqrasiya edilə bilir.

Kompleksin Türkiyənin “NurolMakina” şirkətinin “EjderYalçın III 4×4” zirehli avtomobilinin şassisində yerləşdirilmiş variantı artıq Qətərə ixrac edilmişdir. Beləki, 100 ədəd “Yörük 4×4” və 400 ədəd “Ejder Yalçın 4×4” zirehli avtomobillərinin alışı müqaviləsi çərçivəsində sözügedən komplekslərdən də alınmışdır. 2 və ya 4 ədəd atəşə hazır tank əleyhinə raketlə dəstləşdirilən “Serdar” sisteminin əsas silahı 12,7 mm-lik NSV pulemyotu (döyüş dəsti 200 patron), ikinci silahı 7,62 mm-lik PKM pulemyotudur (döyüş dəsti 400 patron). Sistemin tuşlama bucaqları şaquli müstəvidə -15O … +45O , üfüqi müstəvidə 360təşkil edir. “Serdar” sistemi ətraf mühitin -32OC…+55OC temperaturda istifadə edilə bilir.

Tank əleyhinə raket sistemi (raket atıcı qurğusu), tırtıllı və təkərli zirehli transportyorların (nəqliyyat vasitələrinin) əsas döyüş tanklarına qarşı müdafiəsi üçün hazırlanmışdır. Uzaqdan idarə olunan sabitləşdirilmiş qüllə fərqli tank əleyhinə idarə olunan raketlərin (“Hellfıre”, “Javelın”, “Kornet-E”, “Omtas”, “Shershen” və s.) inteqrasiyasını təmin edərək, 2/4/8 ədəd tank əleyhinə idarə olunan raketi  daşıyır. İki oxda sabitləşən buraxma qurğusundakı raketlərin sayı müştərinin ehtiyaclarına uyğun olaraq dəyişdirilə bilir. Asimmetrik yaxın məsafəli təhdidlərdən qorunmaq üçün sistem tank əleyhinə raketlə yanaşı, 7,62 mm-lik, 12,7 mm-lik pulemyotlarla və ya 25 mm-lik avtomatik topla təchiz edilə bilir. Buraxma qurğusu 360O üfiqi tuşlama bucağına sahibdir.

İstifadəçi ilə qarşılıqlı təsirini minimuma endirmək üçün konstruksiya edilmiş taktiki kompyüter nəzarətli atəşi idarəetmə sistemi sayəsində, tank əleyhinə raket sistemi gecə-gündüz və hər cür hava şəraitində yerüstü müdafiəni təmin edir. Gündüz və termal kameralarla hədəfi aşkaretmə və təhliletmə, həmçinin lazer məsafəölçənlə hədəfə qədər məsafəsinin təyin edilməsi mümkündür. Kompyüter nəzarətli atəşi idarəetmə sistemi tərəfindən verilən hədəf koordinatlarına avtomatik tuşlanma yerinə yetirilir və hədəf avtomatik izlənir. Hədəf raketin effektiv atış məsafəsinə daxil olduqda avtomatik daxili xəbərdarlıq siqnalı verilir. Nəqliyyat vasitəsi hərəkətdə olsa belə, hədəfi tuşlama və müşayiətetmə imkanı mövcuddur.

Sistem yüngül, az həcmlidir və həm yeni istehsal olunan, həm də silahlanmada olan yüksək keçidlikli nəqliyyat vasitələrinə quraşdırılmaq imkanına sahibdir. Sistem operator paneli vasitəsilə idarə olunur və xarici sensorlarla və komanda-idarəetmə sistemi ilə inteqrasiya edilə bilir.

Tank əleyhinə raket sisteminin təkərli zirehli avtomobilin şassisi üzərində variantı “Nurol Makina” şirkətinin “Ejder Yalçın 4×4” zirehli avtomobilində, tırtıllı zirehli transportyorun bazası üzərindəki variantı isə “Otokar” şirkətinin “Tulpar-S” yüngül zirehli transportyorunda yerləşdirilmişdir.

“Otokar” şirkəti “Silah Daşıyıcı Vasitələr” layihəsi çərçivəsində şirkət tərəfindən istehsal edilən “Tulpar BBM” zirehli döyüş maşınının əsasında, lakin onunla bir neçə ümumi elementə sahib olmayan “Tulpar-S” yüngül zirehli transportyorunu yaratmışdır. “Tulpar-S” üzən (amfibiya) maşın üzərində ən azı atışa hazır iki raket və bortunda 10 raket ilə sakit suda hərəkət edə bilir. “Aselsan” şirkətinin 4 raket qəbul edə bilən ikioxlu girosabitləşdirilmiş qülləsi ilə təchiz edilmişdir. Buraxma qurğusu “Roketsan” şirkətinin “OMTAS” və Rusiyanın 9M133-1 “Kornet-E” tank əleyhinə raketlərinə uyğunluğunu, həmçinin “Cirit” və ya “Hellfire” raketlərinin tətbiqini təmin edir. Qüllədə yaxın təhdidlərdən qorunmaq üçün əlavə olaraq 7,62 mm-lik pulemyot nəzərdə tutulmuşdur. Kompleksin heyəti üç nəfərdən ibarətdir: sürücü-mexanik, maşın komandiri və operator. İki əlavə heyət üzvü üçün də  iki yer var.

FNSS şirkətinin məhsulları

Tank əleyhinə idarə olunan raketlərlə təchiz edilmiş UKTK məsafədən idarə olunan tank əleyhinə qüllə (UKTK – Uzaktan Komutalı Tanksavar Kulesi) əvvəlcə Müdafiə Sənayesi Komitəsi ilə “FNSS” arasında imzalanan “Silah Daşıyıcı Vasitələr” (STA – Silah Taşıyıcı Araçlar) layihəsi sazişi çərçivəsində hazırlanmışdır. Müqavilə ümumilikdə milli və yerli vasitələrlə layihələndirilən və istehsal olunan 260 ədəd təkərli zirehli texnikaların və uzaqdan idarə olunan tank əleyhinə qüllələrin tədarükünü əhatə edir. Texnikaların 184 ədədi tırtıllı, 76 ədədi isə təkərli olmalıdır. Layihə ilə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında olan 9M133-1 “Kornet-E” və “OMTAS” tank əleyhinə idarə olunan raketlərin istifadəsi üçün lazım olan silah daşıyıcı vasitələrin daxili imkanlar hesabına yaradılması hədəflənir.

260 ədəd UKTK qüllələrinin bir hissəsi “FNSS” şirkətinin istehsalı olan“OMTAS” TƏİRK ilə “PARS 4X4 STA” təkərli zirehli avtomobilinin şassisində, bir hissəsi isə həm “Kornet-E”, həm də “OMTAS” TƏİRK ilə “Kaplan 10 STA” tırtıllı zirehli transportyorunun bazasında yerləşdirilmişdir. Artıq yeni özüyeriyən tank əleyhinə raket kompleksləri dağlar da daxil olmaqla müxtəlif ərazilərdə yürüşlə və nəzarət atışları ilə sınaqdan keçirilmiş, sınaqları uğurla başa vurmuş və silahlanmaya qəbul edilmişdir.

UKTK, dünyada müxtəlif nümunələri olan və mövcud uzaqdan idarə olunan silah sistemlərinə (UKSS – Uzaktan Komutalı Silah Sistemleri) inteqrasiya olunmuş tank əleyhinə raket yanaşmalarından fərqli olaraq, lap əvvəldən tank əleyhinə qüllə kimi layihələndirilmişdir. Bunun sayəsində, həm raket istifadəsinin səmərəliliyi, həm də yaşamaq qabiliyyəti baxımından daha təsirli bir həll ortaya çıxmışdır. UKTK-nın əsas xüsusiyyətləri aşağıdakılardır:

  • Tapşırığı icra imkanları: UKTK lap əvvəldən tank əleyhinə vəzifə üçün nəzərdə tutulduğundan, başqa məqsəd üçün konstruksiya edilmiş bir qülləyə çevrilə bilməyən fiziki xüsusiyyətlərə malikdir. Aşağı siluet, inteqrasiya edilmiş zireh həlli, hədəf aşkarlama, identifikasiya, izləmə və raket idarəetməsi ilə əlaqəli sistemlərin yeri, çox qısa müddətdə qüllə konfiqurasiyasından üç ayaqlı buraxıcı konfiqurasiyasına çevrilmə bacarığı, raketlərin mövqeyi, boş buraxıcının yenidən doldurma mexanizmi kimi məsələlərə gəlincə, UKTK yüksək tapşırıq performansı üçün ən optimal konstruksiyanı əldə etmişdir.
  • Modulluq: Layihənin tələblərinə uyğun olaraq UKTK həm “Kornet-E”, həm də “OMTAS” raketləri ilə təchiz edilməlidir. Biri Şərq Blokuna, digəri isə Qərb Bloku aid olaraq yaradılan bu iki raketin idarəetmə növləri isə bir-birindən çox fərqlidir. UKTK, müxtəlif raketlərin istifadəsinə əsaslanan bu mürəkkəb tələbi ortaq bir alt quruluşdakı bəzi komponentləri dəyişdirərək yerinə yetirir. UKTK əvvəldən bəri fərqli raketlərin inteqrasiyasına hazırdır və bu xüsusiyyət, istifadəçilərinə böyük rahatlıq təmin edir.
  • Rahat inteqrasiya: UKTK-da səbət quruluşu olmadığı üçün ənənəvi silah qüllələrindən fərqli olaraq, qüllə tamamilə avtomobil damının üzərində yerləşir. Bu şəkildə vasitə içərisində istifadə edilə bilən həcm də artır. Aşağı silueti və çəkisi sayəsində UKTK bir çox fərqli zirehli nəqliyyat vasitəsinə inteqrasiya edilə bilir.
  • Yüksək texniki imkanları: Üfüqi müstəvidə 360 dərəcə sərhədsiz dönmə qabiliyyəti və -25O…+25O arasında şaquli müstəvidə qalxma qabiliyyəti ilə UKTK 2 ədəd tank əleyhinə raket və ikinci silah olaraq 7,62 mm qoşalaşdırılmış pulemyot daşıyır. Döndərmə və qaldırma bucaqlarının maksimal sürəti >60°/saniyə, hədəfi müşayiətetmə sürəti 0.3 milyem/saniyədir. Buraxma qurğusu, raket və pulemyotun atəşə nəzarət sistemi vasitəsi ilə hədəfi yüksək dəqiqliklə vurması üçün lazım olan bütün ballistik hesablamaları avtomatik olaraq həyata keçirir. Operatorun qülləyə inteqrasiya edilmiş nişangah sistemi yeni nəsil termal kamera, gündüz kamerası və 10 km-ə qədər ölçmə qabiliyyətli lazer məsafəölçən sayəsində silahlar sutkanın istənilən vaxtı və istənilən hava şəraitində ən təsirli şəkildə istifadə edilə bilir. İlk atış sınaqlarında UKTK, daşıdığı raketin maksimum məsafəsində hədəfi tam dəqiqliklə vurmaq imkanını göstərmişdir. İkinci silah isə buraxma qurğusunun atəş gücünü artırır və tapşırıqların icra sahəsini genişləndirir. İkinci silahı ayağaçəkmə, tətiyi buraxma, atılmamış sursatı elektrik sürgüsü ilə çıxarmaq kimi funksiyalar nəqliyyat vasitəsinin daxilindən avtomatik olaraq həyata keçirilir. Qüllə, elektrik enerjisi sisteminə və hərəkətdə atış dəqiqliyini artırmaq üçün iki oxlu sabitləşmə qabiliyyətinə malikdir.
  • Yüksək qoruma və etibarlılıq: Layihənin başlanğıcından etibarən sistemin davamlılığı düşünülməsi sayəsində ən zərif, lakin ən yüksək səviyyədə qorunmanı təmin etmək üçün inteqrasiya olunmuş zirehli həll yolu hazırlanmışdır. Nəqliyyat vasitəsində olan operator idarəetmə konsolu vasitəsilə ballistik qoruma altında olmaqla, müşahidə, hədəfi aşkaretmə, tanıma, hədəfə kilidlənmə və raketi idarəetmə funksiyalarını yerinə yetirə bilir. Qəza vəziyyətində, döyüş tapşırığını icra avadanlığının akkumulyator batareyaları dəsti və ağıllı güc paylama sistemi sayəsində buraxma qurğusunun güc sistemi, silah sistemi və nişangah sistemləri, nəqliyyat vasitəsinin akkumulyatorlarından asılı olmayaraq bir müddət istifadə edilə bilir.

Ümumi nəticə çıxararaq söyləmək olar ki, Türkəyədə qısa müddət ərzində tank əleyhinə raket kompleksləri sahəsində böyük nailiyyətlər əldə edilərək, həm yerüstü, həm hava, həm də dəniz platformaları üçün müxtəlif növ TƏİRK nümunələri yaradılmış və silahlanmaya qəbul edilmişdir. Bu isə öz növbəsində Türkiyə Silahlı Qüvvələrinin belə silahların ixracından asılılığına öz müsbət töhvəsini vermişdir.

Əhəd Əzizov

Poliqon Jurnalı

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş