
“Turaz Qartalı – 2022” təlimi başa çatıb
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən Azərbaycan hərbi pilotları qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.
Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.
Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.