
Braziliyanın “Embraer” şirkəti ilk C-390 “Millennium” hərbi nəqliyyat təyyarəsini Çexiya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verib.
“Poliqon” “Embraer”ə istinadən xəbər verir ki, bu münasibətlə Çexiyada Praqa-Kbeli aviabazasında mərasim keçirilib.
Bildirilib ki, təyyarənin təhvil verilməsi satınalma müqaviləsinin imzalanmasından cəmi 20 ay sonra baş tutub. Bu isə “Embraer”in müştərilərinin əməliyyat tələblərinə qısa müddətdə cavab vermək imkanlarını nümayiş etdirir.
XXI əsrdə layihələndirilərək hazırlanmış C-390 “Millennium” öz sinfinin ən müasir hərbi nəqliyyat təyyarələrindən biri hesab olunur. Təyyarə digər orta sinif hərbi nəqliyyat təyyarələri ilə müqayisədə daha çox faydalı yük (26 ton) daşıya, daha yüksək sürətlə (470 düyün) və daha uzaq məsafəyə uça bilir.
C-390 “Millennium” yük və şəxsi heyətin daşınması, desant və yüklərin paraşütlə endirilməsi, tibbi təxliyə, axtarış-xilasetmə, yanğınsöndürmə və humanitar əməliyyatlar da daxil olmaqla geniş spektrli tapşırıqları yerinə yetirə bilir. Təyyarə müvəqqəti və ya asfaltlanmamış uçuş-enmə zolaqlarından da fəaliyyət göstərə bilir. Sürətli quraşdırılan havada yanacaq doldurma sistemi ilə təchiz olunduqda isə həm yanacaqdaşıyan təyyarə (tanker), həm də havada yanacaq qəbul edən platforma kimi istifadə oluna bilir.
Hazırda bu təyyarə Braziliyadan əlavə, Portuqaliya, Macarıstan, Cənubi Koreya, Niderland, Avstriya, Çexiya, Özbəkistan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Litvanın Hərbi Hava Qüvvələri tərəfindən də seçilib.




