SərgilərXəbərlər

STM sentyabrda üç mühüm sərgidə milli müdafiə texnologiyalarını nümayiş etdirəcək

Türkiyənin STM şirkəti cari ilin sentyabr ayında Polşada MSPO-2026, Cənubi Afrikada “Africa Aerospace and Defence 2026 (AAD-2026) və Azərbaycanda ADEX-2026 sərgilərində iştirak edəcək.

STM-dən “Poliqon”a verilən məlumata görə, şirkət şirkət üç mühüm müdafiə sənayesi tədbirində hərbi dəniz platformalarından taktiki pilotsuz uçuş aparatlarına (PUA), avtonom sualtı sistemlərdən yeni nəsil zərbə sistemlərinə qədər milli texnologiyalarını beynəlxalq hərbi nümayəndə heyətlərinə təqdim edəcək.

Şirkətin sentyabr ayında qatılacağı ilk sərgi 8-11 sentyabr tarixlərində Polşanın Kielçe şəhərində keçiriləcək MSPO-2026 olacaq. Avropanın qabaqcıl müdafiə sənayesi sərgilərindən biri olan MSPO-da STM Türkiyənin Avropa İttifaqı və NATO üzvü ölkəyə həyata keçirdiyi ilk hərbi gəmi ixracı olan və Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa etdiyi “Dənizdə Təchizat və Logistika Dəstək Gəmisi”nin, eləcə də Türkiyənin ilk milli freqatı olan “İstif” sinifli freqatın, STM MPAC hücum katerinin və kiçik ölçülü STM500 sualtı qayığının maketlərini nümayiş etdirəcək. İnsansız dəniz aparatları (İDA) sahəsində isə STM NETA 300 avtonom sualtı İDA-sı və sürü imkanlarına malik STM YAKTU kamikadze İDA-sı təqdim olunacaq.

PUA sahəsində isə döyüş meydanında özünü doğrultmuş və 4 qitədə 15-dən çox ölkəyə ixrac edilən Türkiyənin ilk milli zərbə PUA-sı KARGU, kəşfiyyat və müşahidə missiyaları üçün hazırlanmış “TOGAN Mini” PUA-sı, düşmənin PUA vasitələrini havada məhv etmək üçün nəzərdə tutulan TUNGA-X tutucu dronu və 1000 kilometri aşan uçuş məsafəsi ilə diqqət çəkən KUZGUN uzunmənzilli kamikadze PUA-sı Avropada hərbi nümayəndə heyətləri və sektor peşəkarlarına təqdim ediləcək.

STM-in sentyabr ayında ikinci qatılacağı sərgi 16-20 sentyabr tarixlərində Cənubi Afrikanın Pretoriya şəhərində keçiriləcək AAD-2026 olacaq. Hərbi dənizçilik sahəsində STM “İstif” sinifli freqatı, Pakistan HDQ üçün layihələndirib inşa etdiyi və 2018-ci ildə təhvil verdiyi Pakistan Dənizdə Təchizat Tankerini, STM MPAC hücum katerini və STM500 kiçik ölçülü sualtı qayığını afrikalı hərbi nümayəndə heyətlərinə təqdim edəcək. İDA sahəsində isə STM NETA 300 nümayiş etdiriləcək.

PUA sahəsində STM Türkiyənin ilk milli zərbə PUA-sı KARGU-nu, vertikal qalxma və enmə qabiliyyətinə malik TURUL VTOL PUA-sını, GNSS olmayan mühitlərdə də fəaliyyət göstərə bilən KERKES inteqrasiyalı TOGAN PUA-sını, kəşfiyyat və müşahidə missiyaları üçün hazırlanmış “TOGAN Mini” PUA-sını və TUNGA-X tutucu dronunu AAD-2026 sərgisində beynəlxalq nümayəndə heyətlərinə təqdim edəcək.

STM sentyabr ayındakı beynəlxalq sərgi marafonunu 30 sentyabr-2 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ADEX-2026 ilə başa çatdıracaq. Hərbi dənizçilik sahəsində STM MİLGEM layihəsi çərçivəsində hazırlanan ADA sinifli korveti, yüksək sürət və manevr imkanlarına malik STM MPAC hücum katerini və STM NETA 300 avtonom sualtı İDA-sını ziyarətçilərə təqdim edəcək.

Pilotsuz uçuş aparatları sahəsində isə Azərbaycanın da istifadə etdiyi Türkiyənin ilk milli zərbə PUA-sı KARGU, kəşfiyyat və müşahidə missiyaları üçün hazırlanmış “TOGAN Mini” PUA-sı və TUNGA-X tutucu dronu ADEX-2026-da hərbi nümayəndə heyətlərinin və sektor peşəkarlarının diqqətinə təqdim olunacaq.

STM-in baş direktoru Özgür Güleryüz iştirak edəcəkləri sərgilərlə bağlı fikirlərini bölüşüb: “STM olaraq 35 ildir inkişaf etdirdiyimiz qabaqcıl texnologiyalarla Türkiyə Silahlı Qüvvələrini gücləndirməklə yanaşı, mühəndislik imkanlarımızı dost və müttəfiq ölkələrlə bölüşərək qlobal miqyasda böyüməyimizi davam etdiririk. Bu günədək ölkə daxilində və xaricdə 11 müxtəlif gəmiqayırma zavodunda 44 hərbi gəmi layihəsini həyata keçirmişik və keçirməyədə davam edirik. PUA sistemlərimiz bu gün 4 qitədə 15-dən çox ölkənin inventarında uğurla xidmət göstərir, eyni zamanda NATO-nun kəşfiyyat infrastrukturuna yönəlmiş kritik proqram təminatları hazırlayırıq”.

Onun sözlərinə görə, STM dövriyyəsinin 65 faizdən çoxunu ixracdan əldə edir: “İxracyönümlü dayanıqlı inkişaf strategiyamız çərçivəsində ölkələrin ehtiyaclarına uyğun, səmərəli və innovativ həllər hazırlayır, sürətli çatdırılma, çevik mühəndislik və texnologiya transferi yanaşmamızla uzunmüddətli əməkdaşlıqlar qururuq.

Üç qitəni əhatə edən bu sərgi təqvimimizi mövcud əməkdaşlıqlarımızı gücləndirmək və yeni ixrac uğurlarına qapı açmaq baxımından mühüm fürsət hesab edirik. Türk mühəndisliyinin çatdığı səviyyəni və milli texnologiyalarımızın rəqabət gücünü dünyanın müxtəlif yerlərində nümayiş etdirməyə, Türkiyə bayrağını qlobal arenada qürurla dalğalandırmağa davam edəcəyik”.

Back to top button