
Türkan bazası Xəzər dənizinin Azərbaycana mənsub bölməsində nəzarətin gücləndirilməsində mühüm rol oynayır
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Türkan qəsəbəsindəki bazası Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində nəzarətin gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qaz platformalarının və boru kəmərlərinin daha etibarlı mühafizəsinin təmin olmasında mühüm rol oynayır.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində deyib.
Kontr-admiral A.Qiyasov bildirib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Bakı şəhəri Türkan qəsəbəsindəki bazası Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində inşa edilib.
“Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi vəzifəsini həyata keçirəcək bazanın inşasına 2007-ci il iyun ayının 29-da başlanılıb və 2008-ci il noyabr ayının 8-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilib.
Həmin il noyabr ayının 7-də dənizdə fırtınalı hava şəraiti oldu, gün ərzində güclü şimal-qərb küləyi əsirdi. Sahil Mühafizəsinin sərhəd gözətçi gəmi və katerlərinin inşası yekunlaşan yeni bazaya köçürülməsi barədə göstəriş verildi. Ölkə başçımızın açılış mərasimində iştirakını nəzərə alaraq, dəniz sərhədçiləri gecə saatlarında dalğalı və qaranlıq hava şəraitində yüksək peşəkarlıq nümayiş etdirdi və Türkan bazasına gəmi və katerlərin yerləşdirilməsi tapşırığını icra etdilər”, – deyə kontr-admiral A.Qiyasov vurğulayıb.
Qərargah rəisi bildirib ki, inşa edilmiş bazaya komanda-idarəetmə, təlim-tədris mərkəzləri, Heydər Əliyev ideoloji mərkəzi, klub, Sahil Mühafizəsinin muzeyi, matros yeməkxanası, helikopter meydançaları, gəmi təmiri emalatxanası, dənizdə təlim poliqonu, yanalma körpüləri və yaşayış kompleksi daxildir.