Xəbərlər

Türkiyə Müdafiə Nazirliyi FHN-ə minaaxtaran itlər hədiyyə edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, itlərin Azərbaycana gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir.

Martın 8-də başlamış təlim kursları Türkiyə Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Atteşeliyinin təşkilatçılığı ilə Bursa şəhərində keçirilir. Kurslarda əməkdaşlar Azərbaycan FHN-ə hədiyyə edilmiş itlərlə minaların axtarışı və ərazilərin minalardan təmizlənməsi üzrə təlimlər keçirlər.

Kinoloqlar təlim kursunu tezliklə başa vurub itlərlə bərabər Azərbaycana dönərək işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaqlar.

Back to top button